Son proseslər fonunda radikal müxalifətin düşdüyü vəziyyət hazırda əsas müzakirə mövzularındandır. Onların proqnoz və tezisləri iflasa uğrayıb. Bir vaxtlar deyirdilər, bu iqtidar Qarabağın bir kəndini belə qaytara bilməz. Müharibə başladı, dedilər, Azərbaycan Ordusu tezliklə məğlubiyyətlə üzləşəcək. Daha sonra “Rusiya bir neçə rayona icazə verib, hərbi əməliyyatlar tezliklə dayandırılacaq” tezisini ortaya atdılar.
Şuşa azad ediləndən sonra İlham Əliyevi təbrik etdilər. İki gün sonra isə hakimiyyəti Qarabağı Rusiyaya satmaqda suçladılar.
AXCP sədri Əli Kərimli, “Osmanqızı” TV-nin aparıcısı Sevinc Osmanqızı, MŞ sədri Cəmil Həsənli, MŞ üzvü, sabiq deputat Gültəkin Hacıbəyli, eləcə də xaricə sığınan söyüş və təhqir “müxalifəti” eyni mərkəzdən idarə olunurmuşlar kimi, səs-səsə verib, Azərbaycanın qələbəsini gözdən salmağa çalışdılar.
Bu dəstə 2020-ci ilin 10 noyabrından sonra hakimiyyəti həm Rusiya sülhməramlılarına görə şantaj edirdilər, həm də Xankəndi, Xocalı və digər işğaldakı ərazilərə görə dövləti ittihama məruz qoyurdular. Hər şey əllərindən çıxdıqdan sonra sonuncu sığındıqları tezis sülhməramlılar oldu. Artıq onlar da Azərbaycanı tərk edir. Bu günə qədər nə proqnozlaşdırdılarsa, heç biri doğru çıxmadı. Tam bir fiasko ilə üz-üzədirlər.
Hazırda ictimai rəyi başqa bir fikirlə məşğul etməyə çalışırlar. “Rusiya girdiyi ölkədən öz xoşu ilə və qan tökmədən çıxmazdı. Putin Azərbaycandan nəsə qoparıb, yoxsa sülhməramlı kontingent Qarabağı tərk etməzdi” tezisini dövriyyəyə buraxıblar.
İndi ictimai tələb budur ki, bu adamlar 4 ilə yaxındır dövlətə, Prezidentə, orduya atdıqları şərə, eləcə də ədalətsiz yanaşmaya, əxlaqsız davranışa görə publik şəkildə üzr istəsinlər.
Bir başqa sual da budur ki, radikal və inkarçı müxalifətin baş verən proseslər fonunda indən sonrakı durumu necə olacaq?
Hikmət Babaoğlu
Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycanın əldə etdiyi tarixi qələbəni bir qrup radikal müxalifətçi manipulyasiya etməyə çalışırdı:
“2020-ci ildən başlayan bu tarixi mərhələ, Rusiya sülhməramalılarının Azərbaycanı tərk etməsi ilə uğurla yekunlaşdı. Lakin bu müddət ərzində özünü radikal müxalifətçi adlandıran şəxslər və onların ətrafında olanlar hər cür qarayaxma kampaniyası aparırdı. Bu da azmış kimi, əldə edilən qələbəni pərdələmək və ya başqasının adına çıxmaq üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxırdı.
Onların bu davranışı, fəaliyyəti heç şübhəsiz Azərbaycana xalqına, dövlətinə, milli iradəmizə təhqir idi. Vaxtilə bu şəxslər “Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilməyəcək”, “Laçın yolu Rusiyanın nəzarətində bağlı qalacaq” “Rusiya sülhməramlıları Azərbaycanı işğal etməyə gəlib” kimi tezisləri tirajlayır, müdafiə edir, beləcə, ictimai rəyi dəyişməyə çalışırdı. Lakin bu gün bütün bu iddiaların boş, mənasız və əhəmiyyətsiz olduğunu səsləndirən şəxslərin kim olduğu bilindi.
Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi mühüm tarixi hadisədir. Sülhməramlıların vaxtilə ölkəmizə gəlməsi vacib idi. Amma bütün problemlər həll edildi və onların fəaliyyətinə artıq ehtiyac qalmadı. Hesab edirəm, radikal müxalifət nümayəndələrinin bundan sonra qarşısında iki seçim var:
Birincisi, onlar bu günə qədər etdiyi səhvləri dərk edib, ictimaiyyətdən üzr istəyib, yeni xətt seçməlidir;
İkincisi, birdəfəlik siyasətdən getməli, fəaliyyətlərini dayandırmalıdır.
Fazil Mustafa
Deputat Fazil Mustafa isə deyib ki, bəzi şəxslər nəinki 2020-ci ilin noyabr ayından, bütövlükdə bu günə qədər baş verən siyasi prosesləri düzgün dəyərləndirə bilmədi:
“Çünki ciddi bir informasiya oxuma yanlışı vardı. Onlar baş verənləri doğru anlamadılar. Misal üçün, bugünkü prosesləri anlamaq üçün Finlandiya tarixinə baxmaq kifayətdir. Bu şəxslər Finlandiya tarixini oxusaydı, baş verənləri anlayardılar. Bunu o baxımdan deyirəm ki, Azərbaycanın seçdiyi model də Finlandiya modelinə çox bənzəyir. Söhbət Rusiya ilə davranış strategiyasından gedir.
Ölkə olaraq seçdiyimiz siyasi xətt düzgün və effektivdir. 30 il öncəki siyasi kursumuz faktiki olaraq bizə zərər gətirdi. Hətta deyərdim, bütün problemlərin başlanğıcı məhz həmin illər oldu.
Rusiya ilə uzlaşmağın nəyi pisdir? ABŞ, Aİ ilə münasibətləri normallaşdırmağa çalışırıq. Belə bir dövrdə Rusiya ilə münasibətləri kəsmək bizə fayda verməzdi. Hesab edirəm, bəzi şəxslərin siyasət anlayışı, yanaşması iflasa uğradı. Bizim diplomatiyamız çevik, normal bir şəkildə irəliləyir”.
Tural Abbaslı
Ağ Partiya başqanı Tural Abbaslı isə deyib ki, Azərbaycanda müxalifəti bölməyin tərəfdarı deyil:
“Bir siyasi qurum Azərbaycanın inkişafı üçün maraqlarımız çərçivəsində tənqid edirsə, o, müxalifdir. Yox, hansısa qurum maraqlarımız əleyhinə danışırsa, ona müxalifət demək olmaz. Hər özünə müxalifət deyən partiyaya müxalifət demək olmaz.
Xarici təsir agentləri var, onlara işləyən, özünü müxalif kimi göstərən şəxslər var. Rus qoşunlarının ölkəmizi tərk etməsini pisləmək, qaralamaq, xalqını, millətini sevən birinin deyəcəyi şey deyil. Fakt varsa, faktı demək lazımdır. Ehtimallarla siyasi proseslərə birmənalı qiymət vermək mümkün olmadığı kimi, doğru yanaşma da sayılmır”.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hazırda radikal müxalifət daxilində ciddi təlatüm və tərəddüd yaşanır. Orta və sıravi təbəqə “liderlərdən” tələb edir ki, onları bunca zaman aldatdıqları üçün izah versinlər. Məlumatda deyilir ki, proqnozların, vədlərin boş çıxması sıraviləri, hətta funksionerləri qəzələbləndirib. Onlar özlərinə lider hesab etdiyi bu şəxslərdən hesab sorurlar. Amma hesab verəcək nə halları var, nə üzləri. Bu adamların vəziyyəti o qədər pisləşib ki, artıq siyasi reanimasiyadadırlar və mənəvi koma vəziyyətindədirlər.
Turan Rzayev
Globalinfo.az














