Putin dayanmaqdan imtina edərsə… – cavab “B planı”

Putin dayanmaqdan imtina edərsə... - cavab “B planı”

Rusiya Prezidenti Vladimir Putinin heç vaxt Ukrayna üçün taleyüklü dəyişikliklərə veto qoymaq hüququ olmayacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti, Avropa Həmrəyliyi Partiyasının sədri, deputat Petro Poroşenko bildirib.

Poroşenko Ağ Evdə baş tutan son görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu görüş yalnız liderlərin bir araya gəlməsi deyil, həm də azadlıq, demokratiya və Ukraynanın müstəqilliyi uğrunda mübarizənin növbəti mərhələsidir.

Poroşenko, həmçinin Ukraynanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb:

“Putinə yalnız Donbas deyil, bütün Ukrayna lazımdır. Ona görə də ordumuzun ixtisarını, rus dilinə rəsmi status verilməsini və rus kilsəsinin “qorunmasını” qəbul etməyəcəyik.”

O, Ukrayna dövlətinin əsas məqsədinin ordunu, dilini və inamını qorumaq olduğunu qeyd edib:

“Çünki bunlar Ukrayna dövlətçiliyinin təməl daşlarıdır. Əgər Putin dayanmaqdan imtina edərsə, cavab “B planı” olmalıdır: daha çox silah, daha çox maliyyə yardımı, daha çox sanksiyalar, NATO və AB-yə açılan qapılar olmalıdır”.

Əliyar Xəlil
Globalinfo.az