Xəbər verdiyimiz kimi, iyunun 2-də Bakıda ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqu keçiriləcək. Tədbirin məqsədi regional bağlantılar, ticarət, sənaye, tranzit, enerji təhlükəsizliyi, investisiya, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsidir. Sessiya zamanı bir sıra əməkdaşlıq sənədlərinin və kommersiya müqavilələrinin imzalanması nəzərdə tutulur.
Bu, iki ölkəyə nə vəd edir?
Globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov deyib ki, 2025-ci il avqustun 8-də keçirilən Vaşinqton görüşdən sonra ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib:
“Həmin görüş zamanı əldə olunan razılaşmalar və imzalanan Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm əsas yaradıb. Xartiyanın müddəalarına uyğun olaraq hökumətlər arasında mütəmadi görüşlər keçirilir, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılır və əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə keçirilən ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm addımdır. Bu görüşün əməkdaşlığın inkişafına yeni təkan verəcəyi gözlənilir”.
Azər Badamov
Deputat bildirib ki, İqtisadi Dialoq çərçivəsində regional və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı, ticarət dövriyyəsinin artırılması, sənaye əməkdaşlığının genişləndirilməsi, eləcə də qarşılıqlı investisiyaların təşviqi məsələləri müzakirə olunacaq:
“Görüşdə həmçinin enerji təhlükəsizliyi, tranzit-logistika imkanlarının artırılması, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal transformasiya və müasir infrastrukturun inkişafı da diqqət mərkəzində olacaq. Eyni zamanda, tərəflər arasında bir sıra mühüm sənədlərin imzalanması da nəzərdə tutulur. Əminliklə demək olar ki, bu dialoq mexanizmi Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, yeni investisiya və ticarət imkanlarının yaranmasına, eləcə də strateji tərəfdaşlığın praktik nəticələrlə zənginləşməsinə mühüm töhfə verəcək. Bu görüş iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə yüksəlməsində və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində əhəmiyyətli rol oynayacaq”.
Ləman İmran
Globalinfo.az