“Milli Məclisin dünənki plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişikliklər müzakirə olundu. Müzakirə zamanı çıxışımda qanun layihəsinin əsas anlayışlar bölməsində, Avropa İttifaqı direktivləri və inkişaf etmiş ölkələrin oxşar qanunvericiliyinə uyğun olaraq, texnoloji və informasiya tələbləri üzrə meyarların ayrıca qeyd olunması zəruriliyini bildirdim”.
Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, digər tərəfdən, kritik informasiya infrastrukturu obyektlərinin siyahısı (mövcud mətndə meyarlar idi) səlahiyyətli orqanların təklifləri əsasında təsdiq olunur: “Meyarların saxlanması daha yaxşı olar, çünki siyahılar mütəmadi dəyişir. Eyni maddə üzrə rəsmi müraciətlərin cavablandırılması üçün 30 gün nəzərdə tutulur. Bu maddə üzrə 30 iş günü olarsa yaxşı olardı. Çünki bəzi məlumatların hazırlanması və təqdim olunması kommunikasiya şəbəkəsinin sahibləri üçün xüsusi zaman tələb edə bilər. Qeyri-iş günlərinin sayının çox olduğu aylarda bu xüsusi çətinlik yarada bilər”.
Vüqar Bayramov
Millət vəkilinin sözlərinə görə, layihədə provayderin təsisçisi və onun səlahiyyətli nümayəndəsi və fəaliyyətə cəlb olunmuş digər əməkdaşlar Azərbaycan vətəndaşı olmalıdır:
“Daha yaxşı olardı ki, qeyd olunsun ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə yalnız Azərbaycan vətəndaşları məşğul ola bilərlər.
Qanun layihəsinə əsasən, səlahiyyətli orqan tələblərə riyaət olunmasını tələb edə bilər. Daha məqsədəuyğun olardı ki, qeyd olunsun ki, tələb etmək hüququna malikdir.
Layihədə təhlükəsizlik boşluqları və riskləri ifadəsində “boşluqları” sözü çıxarılır. Amma digər ölkələrin müvafiq qanunvericiliyində “boşluqlar” ifadəsinə rast gəlinir. Bu baxımdan, oxşar praktikanın bizdə də qorunması məqsədəuyğun olardı”.
Zaira Akifqızı
Globalinfo.az














