Dünən səhər sübh çağında Füzuli rayonunun Fin şəhərciyi yaxınlığında baş vermiş dəhşətli yol qəzasında həlak olan Ordumuzun hərbçiləri dəfn edilib.
Globalinfo.az xəbər verir ki, 1984-cü il təvəllüdlü kapitan Araz Fazil oğlu Nəzərov və sərnişini, 1989-cu il təvəllüdlü baş leytenant İlkin İmdadlı doğulduqları rayonda torpağa tapşırılıb.
Qəzada dünyasını dəyişən sürücü A.Nəzərov Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərovun qardaşıdır. O, doğulduğu Goranboyun Qızılhacılı qəsəbəsində dəfn edilib. Kapitan Nəzərov top divizyon komandirinin müavini vəzifəsini tuturmuş. O, Vətən Müharibəsi iştirakçısı idi, Qubadlının, Laçının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib. 38 yaşlı zabitimiz ailəli idi, 2 övladı yadigar qalıb.
Qeyd edək ki, hadisə zamanı A.Nəzərovun idarə etdiyi “Mercedes E Class” markalı avtomobil yolun kənarına çıxaraq aşıb. Nəticədə hər iki hərbçi hadisə yerində həlak olub.

Zaira Akifqızı
Globalinfo.az














