“Milli komandamızın baş məşqçisinin əcnəbi və ya yerli olma ehtimalı eynidir”.
Bu sözləri Globalinfo.az-a əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin yerinə kimin gəlməsi haqda danışarkən deyib.
Onun sözlərinə görə, yaxın günlərdə De Byazini əvəz edəcək mütəxəssisin kimliyi ilə bağlı qərar qətiləşəcək:
“Fikrimcə, milli komanda yerli baş məşqçiyə həvalə olunmalıdır. Buna qədər Azərbaycan millisində çalışmış əcnəbi məşqçilər istənilən nəticəni verməyiblər. Bu model millimizdə özünü doğrultmayıb”.
A.Bağırov deyib ki, 2008-ci ildən başlayaraq bu günə qədər milli komandada dörd əcnəbi baş məşqçi çalışıb, amma heç birinin yaxşı nəticəsi olmayıb:
“Bu, AFFA rəhbərliyi, eləcə də İcraiyyə Komitəsinin üzvləri üçün bir dərs, vicdan, peşəkarlıq və şərəf məsələsi olmalıdır ki, artıq bundan sonra milli komandaya yerli mütəxəssis gəlsin. Bizdə Azərbaycan futbolçularının dilini, mentalitetini bilən yerli, gənc mütəxəssislərimiz var. Onlar milli komandalarda işləmiş Berti Foqtsdan və ya De Byazidən zəif deyillər”.
Zaira Akifqızı
Globalinfo.az














