Çin və Rusiyadan Almaniyaya xəfiyyə hücumu – Şərh

Çin və Rusiyadan Almaniyaya xəfiyyə hücumu - Şərh

“Almaniya Kəşfiyyat Xidmətinin yayımladığı son hesabata görə Rusiya və Çin xəfiyyələri Almaniya ərazisində fəallaşıb. İki ölkə xəfiyyələri əsasən Almaniya Müdafiə Nazirliyi haqda məlumatlar əldə etməyə çalışırlar. İran xəfiyyələrinin də Almaniyada fəallaşması barədə məlumatlar var. Rusiya, Çin və İran həm Almaniyada məxfi məlumatları əldə etməyə, həm də Almaniya vətəndaşlarını casusluğa sövq etməyə çalışırlar”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Kreml Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Rusiyanın Almaniyaya “marağı” daha da artıb:

“Almaniya digər Qərb ölkələri kimi Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib. Almaniya eyni zamanda Ukraynaya hərbi dəstəyini artırıb, Kiyevə müxtəlif növ hərbi texnikalar göndərib. Almaniya Bundesveri (Müdafiə Nazirliyi) ukraynalı hərbçilər üçün kurslar təşkil edib. Buna görə də Rusiya Almaniyada xəfiyyə işini gücləndirib. Rusiya Almaniyada keçirilən müxtəlif konfrans və seminarlar barədə də leqal üsullarla məlumatlar toplayır. Bu zaman Rusiya səfirliyinin diplomatlarının xidmətlərindən istifadə edilir. Bundesverin bir neçə zabiti Rusiyaya casusluq etdiklərinə görə həbs ediliblər. Rusiya Almaniya ərazisindəki NATO mərkəzlərinə də maraq göstərir.

Çin və Rusiyadan Almaniyaya xəfiyyə hücumu - Şərh

Elxan Şahinoğlu

Çin xəfiyyə işində Rusiyadan geri qalmır. Çin 2049-cu ilə qədər supergücə çevrilməyi qarşısına məqsəd qoyub. Pekin buna nail olmaq üçün dünyanın inkişaf etmiş ölkələrindən texnologiyaların oğurluğu ilə məşğuldur. Pekini əsasən müxtəlif dövlətlərin, o cümlədən Almaniyanın elmi nailiyyətləri maraqlandırır. Bu sırada aparıcı ölkələrin hərbi-sənaye komplekslərinin yenilikləri də Çinin diqqət mərkəzindədir. Çin əldə etdiyi kəşfiyyat məlumatları əsasında yüksək texnologiyalara yiyələnir və bunun sayəsində sənaye və hərbi istehsalını modernləşdirməyə çalışır.

Almaniya əks-kəşfiyyatı Rusiya, Çin və İran xəfiyyələri ilə mübarizəni gücləndirsə də, təhlükənin qarşısını tam ala bilməyib. Əks-kəşfiyyat xidməti 2022-ci ildə 57 min yoxlama aparıb. Bəlli olub ki, bunlardan mini Almaniyanın təhlükəsizliyi üçün risk təşkil edirmiş”.

Turan Rzayev
Globalinfo.az