Çin ABŞ-ın dostunu düşməni ilə barışdırır – İran-Səudiyyə yaxınlaşmasının gizli məqamları

“Çin Körfəz ölkələri regionuna müdaxilə edərək ABŞ-ın buradakı təsirlərini azaltmağa çalışır”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Aqşin Kərimov yeddi illik fasilədən sonra İranla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin yenidən bərpa edilməsi və bu prosesdə Çinin vasitəçiliyi haqda danışarkən deyib.

Onun sözlərinə görə, indiki məqamda Səudiyyə Ərəbistanı ilə əlaqələrin möhkəmləndirilməsi Çinin xarici siyasət prioritetlərindəndir:

“Məlum olduğu kimi, Vaşinqtonla Ər-Riyad arasında Ukrayna müharibəsi ilə bağlı fikir ayrılığı var. Rəsmi Pekin bu vəziyyəti öz lehinə çevirmək istəyir.

Bu mənada Tehranla Ər-Riyad arasındakı buzların əriməsi daha çox Çinin siyasi çəkisini artırır. Çinin əsas məqsədi üçtərəfli və çoxtərəfli qaydada maliyyə-iqtisadi mexanizmlər yaratmaq və regionda şişən ticari maraqlarla möhkəmlənməkdir”.

Politoloq qeyd edib ki, İranla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər qurulsa da gərginlik yarada biləcək məsələlər aktual olaraq qalır:

“Yəmən münaqişəsindən tutmuş İraqa investisiya qoymaq probleminə qədər həll edilməsi çətin görünən bir çox məsələ var. Çin üçün İranla Səudiyyə Krallığının başqa ərazilərdə bir-birlərini didmələri o qədər də maraqlı deyil, sadəcə, Pekin iki ölkəni birlikdə elə stimullaşdırır ki, buradan yalnız özü qazanclı çıxsın.

Pekinin regional və qlobal maraqları enerji təhlükəsizliyi və iqtisadi əlaqələrlə məhdudlaşmır və maraqların strateji miqyası boyunca genişlənməni özündə cəmləşdirir. Digər tərəfdən Çin özünün nəhəng konsepsiyasını ABŞ-ın qlobal üstünlüklərini əvəz edə biləcək alternativlər kimi nəzərdən keçirir. Bu xətt Çinin regional və beynəlxalq təhlükəsizlikdə iştirakını gücləndirmək əzmini nümayiş etdirəcək”.

Turan Rzayev
Globalinfo.az