Bu ölkəyə hücum olsa, Bakı… – Müharibə təhlükəsi yaxınlaşır

Bu ölkəyə hücum olsa, Bakı... – Müharibə təhlükəsi yaxınlaşır

İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri və burada İranla bağlı dedikləri diqqət çəkir. Ekspertlər onun İrana hədə dolu sözlərini yaxınlaşan müharibənin anonsu kimi qiymətləndirib.

Bəzi ekspertlər hesab edir ki, belə bir müharibə region üçün, xüsusilə də Azərbaycan üçün dağıdıcı və dəhşətli ola bilər. Buna görə də rəsmi Bakı Təl-Əviv və Tehran arasında vasitəçi olmalı, tərəfləri uzlaşdırmalıdır.

İranla bağlı nə yaşanır? Azərbaycan İsraili qonşuluğundakı ölkəyə müharibə elan etməkdən çəkindirə bilərmi? Netenyahunun Vaşinqtondakı çıxışı Bakıda narahatlıq yaradırmı? İranın vurulması Azərbaycana ciddi problemlər yaradar?

Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, İranla bağlı bir sıra həssas məlumatlar yayılır:

“Xüsusilə İsrail tərəfinin İrana qarşı konkret addımlar atdığına dair məlumatlar var. ABŞ-a səfər edən İsrailin Baş naziri Benyamin Netanyahunun Yaxın Şərqdə baş verən proseslər ilə bağlı dedikləri xüsusilə NATO-nun region ilə daha yaxından maraqlanmalı olduğunu deməsi diqqət çəkir.

İsrail birdən-birə belə təşəbbüs ilə çıxış etsə də əslində proses daha qəliz və dərindir. HƏMAS-ın İsrailə hücum etməsi ilə başlayan müharibə hazırda da davam edir. İsrail uğur qazansa da faktiki olaraq planlarını tam icra edə bilmədi. Söhbət Qəzzanın HƏMAS-dan tam təmizlənə bilməməsindən gedir.

Təl-Əviv buna nail ola bilmədi. Üstəlik bir çox dövlət Fələstinin müstəqilliyini tanıdı. İsrail çox çalışırdı ki, İranı prosesə cəlb etsin və beləcə, Tehrana qarşı beynəlxalq koalisiya yarada bilsin. Amma İsrail buna da nail ola bilmədi. Buna görə də hazırda İranı hədələyir və qıcıqlandırmağa çalışır.

Azərbaycana gəldikdə isə rəsmi Bakının mövqeyi bəllidir. Bakı heç bir ölkənin müharibə etməsini istəmir. Azərbaycan münaqişələrin sülh və beynəlxalq hüquq ilə tənzimlənməsini dəstəkləyir. İsrail ilə İran arasındakı gərginliyin həlli üçün Bakı əlindən gələni edə bilər. Amma heç bir halda tərəf tutmayacaq”.

Turan Rzayev
Globalinfo.az