İcra başçılarını bir-bir “təmizləyirlər”- Proses başlayıb: Prezidentdən kritik qərar

Son bir həftədə iki rayonun icra başçısı vəzifədən çıxarıldı. May ayının 31-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib.

İyunun 6-da isə Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Şair Alxasov haqda mediada yayılan məlumatda bildirilirdi ki, o, Qusarda meşə ərazisini qanunsuz olaraq ayrı-ayrı şəxslərə satıb.

Asif Ağayevin isə hansı səbəbdən işdən çıxarıldığı barədə hələlik dəqiq məlumat yoxdur.

Xatırladaq ki, 2019-cu ilin sonlarından başlayaraq 10-a yaxın rayon rəhbəri xüsusi əməliyyat zamanı həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək barələrində uzunmüddətli həbs qətimkan tədbirləri seçilib.

Hazırda həbsdə olan icra başçılarının siyahısını təqdim edirik:

İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev 12 il azadlıqdan məhrum edilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyev 11 il həbs cəzası alıb.

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev 10 il müddətində azadlıqdan məhrum edilib.

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova 12 il həbs cəzası verilib.

Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 7 il 3 ay həbs cəzasına məhkum edilib. Ötən ilin yanvar ayında Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib. O, 2023-cü ilin iyul ayında azadlığa buraxılıb.

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov 8 il 6 ay müddətində həbs cəzasına məhkum edilib.

Həbs həyatı yaşayanlardan biri də Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovdur. O, 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Hazırda məhkəməsi davam edir.

Ağstafanın İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev həbs edilən ilk rayon rəhbərlərindən olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Nizaməddin Quliyev 2021-ci ilin sentyabrın 7-də Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib.

Son 3 ildir icra başçıları həbs edilmir. Vəzifələrini itirsələr də azadlıqlarını qoruya bilirlər. Ola bilsin, dövlət bu taktikanın özünü çox da doğrultmadığının fərqində olduğu üçün başçıları xidməti kabinetdən birbaşa istintaq təcridxanalarına göndərmir.

Bəs son işdən çıxarılmalar nə ilə bağlı ola bilər? Yaxud sualı belə qoyaq: indən sonra daha hansı icra başçıları vəzifələri ilə sağollaşacaq?

İşinin öhdəsindən gələ bilməyən rayon-şəhər başçıları var. Onların əl-ayağını yığmaq, işlərində müsbətə doğru dönüş yaratmaq mümkün olmadıqca işdən çıxarılırlar. Düzdür, Bakıda, kənd rayonlarında vəzifəsinə vicdanla yanaşan, tapşırıqları qüsursuz icra edən, şəhid ailələrinə, qazilərə səmimi şəkildə xidmət göstərən, vətəndaşla yüksək səviyyədə davranan icra başçıları da var. Onları ictimaiyyət, media yaxşı tanıyır. Amma onların sayı yarıtmaz başçıların sayından çox deyil.

Dövlətin istədiyi də budur ki, yerli məmurlar, əsasən də İH başçıları vətəndaşın xidmətçisi funksiyasını qüsursuz yerinə yetirsin. Yerlərdə bu cür məmurlar sayəsində vətəndaşın dövlətə münasibəti formalaşır.

Son illər yalnız kadr islahatları aparılmır. İdarəçilikdə də islahatlar gedir. Prezidentin xüsusi nümayəndəlikləri buna misaldır. Paralel idarəçilik isə bəzi obyektiv səbəblərdən hələ də qalır. Amma yaxın dövrlərdə radikal islahatlara keçid istisna edilmir. Vətəndaşın məmnun olmadığı ölkədə sabitliyi uzun müddət təmin etmək çətin olur. Artıq qələbə, zəfər eyforiyası arxada qalır. Emosiya, həyəcan yerini reallığa verir.

Prezident İlham Əliyev dəfələrlə deyib ki, müharibə bitdi, ərazi bütövlüyü bərpa edildi, separatizmə son qoyuldu, indi millətə və dövlətə daha keyfiyyətli xidmət zamanıdır. Bu işdə hansı məmur sabotaj edəcək, yarıtmaz fəaliyyət göstərəcək, qanun qarşısında cavab verəcək.

İşğaldan azad edilmiş kənd və şəhərlər yenidən bərpa edilir. Quruculuq işləri, Böyük Qayıdış Proqramı həyata keçirilir. Bu həm də Azərbaycanın sabahının layihəsidir. Prezident İlham Əliyev müharibədən sonrakı mərhələyə start verib. Bu gün ara-sıra rast gəlinən işdən çıxarılmalar bir azdan kütləvi hal alacaq. Hakimiyyətin bütün qollarında inqilabi yeniliklərə şahidlik edəcəyik.

Prezidentin hədəfi bəllidir: Sağlam gələcək üçün sağlam kadrlarla çalışmaq. Başqa yol yoxdur!

Azər Ayxan
Globalinfo.az