Bu gün ABŞ-da dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşür. Sonra isə E.Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşü olacaq. Nazirlər arasında danışıqların iyunun 29-dək davam edəcəyi deyilir.
Qeyd edək ki, Laçın nəzarət-buraxılış məntəqəsində baş verən erməni təxribatı nəticəsində yenidən vəziyyət gərginləşib.
Maraqlıdır, separatçılar sülh prosesini, Vaşinqton danışığını pozmağa cəhd etsələr, Bakının cavabı nə olacaq?
Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib ki, Xankəndidə olan separatçı qurum hələ də Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan imtina edir.
Ədalət Verdiyev
O bildirib ki, Vaşinqtonda sülh sazişinin imzalanması gözlənilmir:
“Sülhün alternativi mütləq toqquşma və ya müharibədir. Görünür, Ermənistan tərəfi indiyə qədər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədikləri kimi, sülh sazişini də imzalamaq niyyətində deyillər. Belə olan halda Qarabağ ərazisində mövcud olan erməni silahlılarının çıxarılması üçün Azərbaycan tərəfinin daha ciddi təsirli və adekvat addımlar atacağı istisna olunmur.
Ermənilər növbəti təxribatlara əl atarlarsa, bu, həm separatçı qurum, həm də Ermənistan müdafiə naziri üçün daha ağrılı və acılı nəticələr vəd edir”.
Siyasi şərhçi Samir Hümbətov deyib ki, bu görüşdə yarımçıq qalan bir sıra məsələlər müzakirə olunacaq:
“Sülh danışıqları prosesi ilə bağlı detallar ötən dəfəki görüşdə yarımçıq qalmışdı. Hər halda onun davamını bu dəfə həyata keçirəcəklər. Böyük ehtimal ki, Ermənistan tərəfi danışıqlar zamanı və ondan sonra atəşkəsi pozacaq. Çünki danışıqlar prosesini pozmaq üçün ermənilər hər zaman ciddi addımlar atır.
Son görüşdən sonra Rusiya tərəfinin verdiyi açıqlamada qeyd olunurdu ki, danışıqlar prosesi yalnız 10 noyabr üçtərəfli bəyannamənin müddəalarına əsasən aparıla bilər. Bu da onu göstərir ki, Rusiya Vaşinqton danışıqlarına razı deyil.
İkinci bir tərəfdən İrandan gələn açıqlamadır ki, onlar da başqa güclərin bu bölgəyə müdaxilə etməsinə imkan verməyəcəyini bildirib. Görünən odur ki, bu iki ölkə də prosesi pozmağa çalışacaq”.
Samir Hümbətov
S.Hümbətov deyib ki, sülh prosesinin imzalanmasında əsas güc tərəflərin öz iradəsinə düşür:
“Tərəflər dedikdə daha çox Ermənistan nəzərdə tutulur. Çünki Azərbaycanın qəti mövqeyi danışıqlar prosesini davam etdirmək və yekun nəticə əldə etməkdir. Düşünürəm ki, bu proses hələ davam edəcək.
Arazdəyən, Culfa, Mehri və Zəngilan istiqamətində dəmiryolunun açılması gözlənilir. Amma bunun indi nə dərəcədə mümkün olub-olmayacağını zaman göstərəcək. Görünən ondan ibarətdir ki, əgər yol açılacaqsa, oraya Rusiya sərhəd qoşunları nəzarət edəcək. Bu da Qərbin maraqlarına ziddir. Əslində, bu görüş mövqe mübarizəsinin aparıldığını göstərir. Yəni bir tərəfdə Rusiya öz mövqeyini qoyur, digər tərəfdən isə Qərb ölkələri, xüsusilə də ABŞ”.
S.Hümbətov deyib ki, Ermənistan tərəfi təxribata əl atacağı təqdirdə Azərbaycan ciddi tədbirlər görəcək:
“Əgər separatçılar hər hansı bir formada atəşkəs rejimini pozarsa, o zaman Azərbaycan silahlı qüvvələri adekvat tədbirlər görəcək”.
Zaira Akifqızı
Globalinfo.az














