Yeni tədris ilinin başlamasına saylı günlər qalır. 2-3 məktəbli övladı olan ailələr xərclərlə bağlı narazılıq edirlər. Xüsusi məktəbli formalarını almaq şərtdir ki, bu da əlavə xərc tələb edir. Bundan başqa, kitabların, çantaların və başqa məktəb ləvazimatlarının qiyməti də ucuz deyil.
Aztəminatlı ailələrin bu xərclərdən azad olunması mümkündürmü?
Mövzunu Globalinfo.az-a şərh edən təhsil eksperti Elçin Süleymanovun fikrincə, təhsilə investisiya yatırılması ən doğru qərardır.
Onun sözlərinə görə, məktəb üçün xərclənən məvacib uşaqların gələcəyinə yatırımdır:
“Təbii ki, burada ailələrin maddi vəziyyəti də çox önəmlidir. Lakin qeyd edim ki, son illər dövlətin qayğısı nəticəsində tədris materialları məktəblərə pulsuz təqdim edilir. Düzdür, formalara keçid bəzi valideynlər tərəfindən birmənalı qarşılanmır, narazılıqlar olur. Amma bir həqiqət var ki, fərqli məktəbli forması geyinməzdən əvvəl şagirdlər arasında mənfi mənada “yarış” olurdu. O zaman isə valideynlərin xərci artırdı. Bakı Tikiş Evindən (BTE) verilən məlumata görə, məktəbli formalarının qiyməti əvvəlki illərə görə 15-20 faiz ucuzlaşıb. Bunun özü də sevindirici xəbərdir”.
Təhsil eksperti deyib ki, burada valideynlərin sosial vəziyyətini nəzərə alıb fərqli addımlar atmaq mümkündür:
Elçin Süleymanov
“Maddi ehtiyacı olan valideynlərə müəyyən qayğı və dəstək ola bilər. Bu, məktəbin büdcəsi xaricindədir, amma müxtəlif Qeyri Hökumət Təşkilatları (QHT), şirkətlər aztəminatlı ailələri müəyyənləşdirib, həmin ailənin övladlarına məktəb ləvazimatlarının alınmasında dəstək ola bilərlər. Digər ölkələrdə buna bənzər addımlar atılır. Məsələn, Avropa və Amerikada bələdiyyələr bu istiqamətdə çox aktivdilər, təşkilatçılıq edirlər.
Bizdə isə bələdiyyələrin maddi vəziyyəti o qədər də yaxşı deyil. Ona görə də burada dövlət təşkilatları, iş adamları, şirkətlər xeyriyyə məqsədilə aztəminatlı ailələrin övladlarına dəstək ola bilərlər”.
E.Süleymanovun fikrincə, məktəblərdə valideyn komitələri də sinifdə olan aztəminatlı ailələrin övladına məktəb ləvazimatı almaqda dəstək ola bilərlər:
“Sosial qayğıya ehtiyacı olan valideynlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə dəstək verilir. Dövlət bu istiqamətdə addımlar atır. Sadəcə, belə məsələlər yalnız dövlət gücü ilə həll olunmaz. Burada mütləq ictimai və xeyriyyə təşkilatları ehtiyacı olan şagirdlər üçün məktəb ləvazimatları almalı, onlara dəstək olmalıdırlar. Çünki uşaqlar bizim gələcəyimizdir! Alternativ imkanlardan istifadə etmək lazımdır”.
Zaira Akifqızı
Globalinfo.az














