Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü keçirilib.
Globalinfo.az xəbər verir ki, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına xidmət edən Brüssel formatının bərpasından məmnunluq ifadə olunub.
Prezident İlham Əliyev tərəfindən Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, regionda davamlı sülh və təhlükəsizliyin, sabitliyin təmin olunması istiqamətində olan səyləri yüksək qiymətləndirilib.
Həmçinin görüşdə Vaşinqtonda sülh müqaviləsi üzrə danışıqlar məsələsinə də toxunulub və regional məsələlər müzakirə olunub. Eləcə də bugünlərdə Ermənistan tərəfi ilə keçiriləcək üçtərəfli görüşün gündəliyinə aid olan məsələlər barəsində də fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə son günlərdə Ermənistan tərəfindən iki ölkənin sərhədində Kəlbəcər istiqamətində törədilmiş məqsədyönlü təxribatlar haqqında da məlumat verilib.
***
Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb.
***
Bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında görüş olacaq.
Globalinfo.az xəbər verir ki, görüşün Bakı vaxtı ilə saat 11:00-da başlaması gözlənilir.
Saat 15:00-da isə Prezident İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.














