“Reallaşdırılan və gözlənilən səfərlərin intensivliyi bizə onu deməyə əsas verir ki, kifayət qədər taleyüklü qərarların alındığı mərhələdəyik”.
Bu sözləri Globalinfo.az-a politoloq Şəbnəm Həsənova Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokertinin Azərbaycanda səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, səfər Azərbaycanla daha yaxın əməkdaşlıq etmək, bizim maraqlarımızı, istəklərimizi öyrənmək, müəyyənləşdirmək baxımdan önəmlidir:
“Bunu şərtləndirən amil isə ölkəmizin bir aktor kimi Cənubi Qafqazdakı proseslərə yön verməsidir. İkincisi və heç də kiçik olmayan amil zəngin karbohidrogen ehtiyatlarına malik olmaqla beynəlxalq aktorların diqqətini indiki vəziyyətdə daha da yaxından cəlb etmək və zərurət məsələsidir. Bu baxımdan heç də təsadüfi deyil ki, cənab Leo Dokerti “Azərbaycanın təhlükəsizliyi bizim üçün Britaniyanın təhlükəsizliyi qədər vacibdir” fikrini ifadə etdi.
Düşünürəm ki, seçilərək olduqca məsuliyyətlə deyilən bu fikir nəinki Ermənistana, bir çox tərəflərə verilən güclü mesajdır. Vətən müharibəsi zamanı da Krallığın Ermənistana göstərdiyi “qırmızı xətt” nəinki regional, beynəlxalq aktorlara da yaxşı məlumdur. Mövcud və icrası gözlənilən layihələr üzrə quruda və suda təhlükəsizlik məsələləri də bura daxildir”.
Şəbnəm Həsənova
Politoloqun sözlərinə görə, Böyük Britaniyanın tarix boyu dəst-xətti məlumdur:
“Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin Xalq Respublikası və Avropa İttifaqının konteynerləşdirilmiş dəmir yolu yük nəqliyyatı şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa vasitəsilə birləşdirən çoxtərəfli institusional inkişaf layihəsidir. Hansı ki, bu layihə Krallıq üçün olduqca əhəmiyyətlidir. Bu baxımdan nazirin keçirdiyi görüşlərin ən önəmlisindən biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə keçirilən görüşdür. “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda da cənab Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycanda ayrı-ayrı qurumları birləşdirərək koordinasiyalı fəaliyyət həyata keçiririk ki, bu prosesi də sözügedən nazirlik vahid pəncərə üzərindən icra edir.
Onu da qeyd edim ki, islahatlar dönəmində köhnə sistem beynəlxalq standartlara uyğunlaşdırılır. Azərbaycan da Orta Dəhliz layihəsinin coğrafi mərkəzi kimi tam infrastruktura malik olduğundan beynəlxalq iştirakçılar ilkin olaraq Azərbaycanla fundamental məsələləri yerinə otuzdurur. Böyük Britaniya ilə Azərbaycan həm də indi daha da aktuallıq qazanan “yaşıl enerji”yə keçid istiqamətində əməkdaşlığın perspektivləri üzərində işləyir, bundan əlavə, təhsil və humanitar sahələr üzrə sıx əməkdaşlığımız mövcuddur”.
Ş.Həsənov qeyd edib ki, məsələnin tam siyasi aspektlərinə toxunarkən xüsusilə də Aİ missiyasının bölgəyə gəldiyi, mövqelərimizin yenidən atəşə tutulduğu, Lavrovun səfərinin gözlənildiyi bir məqam da Böyük Britaniya tərəfindən bir növ tək, ayrıca aktor kimi belə bir səfərin reallaşdırılması Azərbaycan, regionun təhlükəsizliyi üçün olduqca vacibdir:
“Həm də o faktı nəzərə alsaq ki, Laçın yolu üzərindən gedən manipulyasiyalar barəsində cənab Dokertə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri ətraflı, düzgün məlumat çatdırdı. Yəni heç nə yox, məhz iqtisadi baxımdan möhkəmləndirilən dayaqlar siyasi çalxantıların önünü kəsə bilmə gücünə malikdir. Bir sözlə, Britaniya Azərbaycan əlaqələri vacib və müxtəlif aspektləri əhatə etdiyi qədər, ən önəmlisi fundamental və dərin mahiyyətə söykənir”.
Turan Rzayev
Globalinfo.az














