Laçın yolu ilə qanunsuz daşınma: 4 nəfər cəzalandırıldı

Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində Xankəndiyə dəfələrlə qanunsuz yolla qaçaqmal keçirilməsi ciddi müzakirələrə səbəb olub. Dövlət Sərhəd Xidməti bununla bağlı rəsmi kanallar vasitəsilə BQXK-ya xəbərdarlıq edilsə də, eyni əməllərin təkrar edildiyini, heç bir zəruri addımın atımadığını bildirib. 

Bu addım BQXK-nın bölgədə humanitar fəaliyyət məqsədini şübhə altına alan amil kimi dəyərləndirilir.

Məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən Globalinfo.az-a bildirilib ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər:

“Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib. Bizim “Laçın” yolu boyu gördüyümüz işlər yalnız humanitar xarakter daşıyır. 600-dən artıq pasientin tibbi təxliyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir. Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir”.

Ayşən Mustafa
Globalinfo.az