Gədəbəyin Söyüdlü kəndində baş verənlərdən hamılıqla dərs çıxarmalıyıq. Gördünüzmü sosial narazılıq bizi elə yerdə haqladı ki, çaşqınlıqdan donub qaldıq.
Məsələyə bütöv baxmağın tərəfdarıyam. Dövləti cəmiyyətdən ayırmaq fikrində deyiləm. Bir ölkəyə bədbəxtlik gəldikdə hamını ağuşuna alır. Heç kim sığortalana bilmir. Məmurun da həyatı qaralır, jurnalistin də, sıravi vətəndaşın da. Hətta bu bədbəxtliyə səbəb olan etirazçı kütlənin də.
Hər kəsin məsuliyyətli davranmasında fayda var. Şübhəsiz, məsuliyyət payı dövlət orqanlarının, məmurların üzərində daha çox düşür. Çünki ölkəni, cəmiyyəti onlar idarə edirlər. Hesabatlılıq onlardadır. Gərginlik yarananda, anlaşılmazlıq olanda narazı və qəzəbli kütlənin qabağına məmur(lar) çıxır. Ona görə də işlər elə qurulmalıdır ki, birincisi, bu cür situasiyalarla üzləşməyək. İkincisi, üzləşəndə də xalqın qarşısında danışmağa o məmurun sözü və üzü olsun.
Məmurlardan söz düşmüşkən, bu sahədə çatışmazlıq hələ də qalır. Son illər vəzifədə irəli çəkilənlər arasında uğurluları olduğu kimi, etimadı doğrultmayanlara da rast gəlinir.
Gədəbəyin icra başçısı Orxan Mürsəlovun timsalında bunu demək olar. Nə yazıq ki, bu gənc kadr xalqla ilk ünsiyyətdə “2” qiymət aldı. Polisin qadının üzünə qaz sıxmasından sonra onun da qəzəbli kütlənin üstünə yersiz söz sıxması ictimai qəzəbi, qınağı daha da artırdı. Budur, artıq Gədəbəyin başçısı sosial şəbəkələrdə lağ obyektinə çevrilib. İndən belə ağzı ilə quş tutsa da, xeyri olmayacaq. Artıq xarizması cızılıb, necə deyərlər. Bir müddət vəzifədə qaldıqdan sonra yəqin ki, onun yerini dəyişərlər.
Orxan Mürsəlov
Rayonlara rəhbər təyinatında yerli xüsusiyyət dərindən öyrənilməlidir. Təsadüfi və təcrübəsiz insanları bu cür rayonlara icra başçısı qoymaq xeyli risklidir. Nəzərə alınacağına inanırıq.
Dövlət bəzi səbəblərdən idarəçilikdə radikal dəyişikliklərə getmir. Bəlkə də gedə bilmir. İndiki vəziyyətdə bunu doğru saymaq, haqq qazandırmaq olar. Elə məqamlar və məlumatlar var ki, bunlara diqqət etdikdə hakimiyyətin ehtiyatlı davranışına bir söz deyə bilmirsən. Marığa yatan güclərin əllərinə fürsət vermək doğru olmaz. Könül istər ki, rayonlar yerli özünüidarə orqanlarının – bələdiyyələrin nəzarətində olsun. İdarəçiliyin başında icra hakimiyyəti yox, bələdiyyələr qərarlaşsın. Xalqın seçdiyi şəxs rəhbər posta gətirilsin. Onda da bir populist, avantürist, ya da İranın bir casusu xalqın saf duyğularından sui-istifadə edib bir rayonu, bölgəni ələ keçirəcək. Sonra da gəl bununla uğraş. İndiki həssas dönəmdə ölkəni belə təcrübələrə sınaq meydanı etmək həddən artıq risklidir.
Söyüdlü kəndində baş verənlərlə bağlı bəzi detallar məlum olur. İlk gündən deyilirdi ki, aksiyalara xüsusi qruplar tərəfindən yön, quruluş verilir. Dövlətdə məlumatlar var. Nə yazıq ki, dövlət bəzən sahib olduğu informasiyanı detallı şəkildə cəmiyyətə təqdim edə bilmir. Bunun müxtəlif səbəbləri olur. Amma o informasiyanı yayanda da elə etməlisən, cəmiyyət yenidən emosiyaya qapılmasın. Necə deyərlər, “qaş düzəldilən yerdə göz çıxarılmasın”.
Budur, artıq bir çox məsələlərə aydınlıq gətirilir. 400 nəfərlik vatsap qrupu yaradılıbmış. Onların öz aralarındakı səs yazıları yayılıb. Əsas müzakirə və mübahisə mövzusuna çevrilən pankartlar, sən demə, xüsusi adamlar tərəfindən Gəncədə sexlərdə hazırlanıb Söyüdlüyə gətirilib. Sadə insanların problemindən istifadə edən qruplar kənd camaatını özləri də bilmədən bu oyuna salıb, dövlətlə üz-üzə qoyub.
2002-ci ilin iyun ayında Nardaranda baş verənlərə o vaxtlar bu cür emosional reaksiya verilirdi. Üzərindən illər keçdikdən sonra məlum oldu ki, bu kəndin insanları İranın böyük oyununun qurbanına çevrilib. O vaxt bunu kim deyirdisə, ictimai daş-qalağa məruz qalırdı. Söyülürdü, qınanıldı, az qalsın vətən xaini çıxarılırdı. İndi isə hamıya gün kimi aydındır ki, Nardaranı ayağa qaldıran, nardaranlıları dövlətə qarşı səfərbər edən Tehran mollaları, SEPAH zabitləri olub.
Söyüdlü hadisələrində Rusiyanın, ya da başqa dövlətin barmağının olduğunu deyənləri qaralamaq, söymək doğru yanaşma deyil. Biz demirik ki, ordakı ekoloji problemi Rusiya, Amerika, ya da İran yaradıb. Xeyr! Əsla! Problem olub. Var. Bunu yaradan da məlumdur. Sadəcə kənar güclərin fürsətdən yararlanıb ortalığı daha da qarışdırmasından söhbət gedir. Baş verənlərin coğrafiyasını böyütmək cəhdlərinin olduğunu istisna etmək olmaz. Onu da deməliyik ki, yerli qurumlar zamanında problemi həll etməli idilər. İmkan vermək olmaz ki, bu cür problemlər ətrafımızı saran dövlətlərin əlinə fürsət kimi keçsin.
Rusiya bizi bir qaşıq suda boğmağa hazırdır. İranın ölkəmizi qarışdırmaq üçün əl atmadığı vasitə yoxdur. 2020-ci ildən bəri Rusiyaya, İrana elə bir dərs vermişik, bunun intiqamını almaq üçün fürsət axtarır. O fürsəti verməyək – həm xalq olaraq, həm dövlət olaraq.
Necə ki Rusiya Şuşaya “İsgəndər” raketi atırdı, Gəncəyə, Bərdəyə qadağan olunmuş silahlardan istifadə etməklə hava hücumları təşkil edirdi, Mingəçevirdə su bəndini partlatmağa çalışırdı. Bunları “Haroplar”ın, “Bayraktar”ların heyfini almaq üçün edirdi. İndi də ekofəalların aksiyasına bu şəkildə cavab verməsi istisna edilmir.
Sosial şəbəkələrdə emosiyaları qızışdıranlar da ehtiyatlı olsunlar. Atəşlə oynamasınlar. Layk yığmaq, ictimai rəğbət qazanmaq üçün həssas nöqtələri provokasiya etməkdən çəkinsinlər. Yaxın Şərqin bədbəxt olan ölkələri hər birimizə acı bir nümunədir. Məmurların qanunsuz davranışına etiraz edək, onları qınayaq, haqqımızı tələb edək, amma hər şey öz qədərində olmalıdır. Qədərindən artıq olanda xalq və ölkə olaraq qədərimiz – taleyimiz dəyişir. Sonradan bu taleni yaxşıya dəyişmək üçün bəzən 100 illər lazım gəlir…
Böyük oyunun ilk məşqləri başlayıb. Azərbaycanı sosial etirazlarla qarışdırmaq planları hər zaman olub. Müharibə zamanı və ondan sonrakı mərhələdə xalq-dövlət birliyi yarandığı üçün bu baş tutmadı. İndi isə bəzi güclər qaldıqları yerdən davam etmək qərarı veriblər. Dövlət bu mərhələni necə adlayacaq? Zorla, güclə, həbslə, yoxsa eynən Vətən müharibəsində olduğu kimi xalqla əl-ələ verərək? Bu da müharibədir. Daha ciddi, daha çətin, daha məsuliyyətli. Burada düşmən(lər) dost cildinə girib…
Azər Ayxan
Globalinfo.az














