Sentyabrdakı hücum haqda yeni nüans – İnanılmaz versiya

2022-ci ilin sentyabr ayında “Şimal axını-2” qaz boru kəmərinin partladılması ilə bağlı sensasion iddia ortaya atılıb. Hadisənin törədilməsində Rusiyanın adı səsləndirilsə də, bunun Ukraynanın işi olduğuna dair detallar üzə çıxmağa başlayıb.

Globalinfo.az xəbər verir ki, “Vaşinqton Post”un yayımladığı məqalədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) partlayışdan 3 ay öncə məlumat aldığı bildirilir.

Vurğulanır ki, CİA 2022-ci ilin iyun ayında Avropa Kəşfiyyat Agentliyi vasitəsilə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin altı nəfərlik qrupunun sözügedən boru kəmərini partlatmaq niyyətində olduğunu öyrənib. Məsələyə dair kəşfiyyat hesabatı ABŞ-ın gizli sənədlərinin sızdırılmasında ittiham olunaraq həbs edilən Milli Hava Qvardiyasının üzvü Ceyk Teyşeyra tərəfindən yayılıb.

Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsi Avropanın rus qazından asılılığını yenidən gündəmə gətirdi. “Şimal axını” boru kəmərlərinin partladılması isə regionun digər enerji təchizatçılarına keçid prosesini sürətləndirdi.

Hər biri iki borudan ibarət olan “Şimal axını-1” və “Şimal axını-2” Rusiyanın dövlət nəzarətində olan “Qazprom” şirkəti tərəfindən Almaniyaya ildə 110 milyard kubmetr  təbii qaz nəql etmək üçün ərsəyə gətirilib.

Ayşən Mustafa
Globalinfo.az