Blinkenin müavinindən Qafqaz açıqlaması: “Onlar girova çevrilib”

Blinkenin müavinindən Qafqaz açıqlaması: "Onlar girova çevrilib"

“Gürcüstan cəmiyyətinin arzuları və cəhdlərinin Bidzina İvanişvilinin narazılığının girovu olmasını görmək çox kədərlidir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass deyib. Onun açıqlamasını “Turan” agentliyinin ABŞ-dakı müxbiri Aleks Raufoğlu öz X hesabında paylaşıb. C.Bass bildirib ki, Gürcüstanın yalnız müttəfiqlərin onun bütün öhdəliklərini icra etdiyini gördükdən sonra NATO üzvü olacağını bildirib:

“Təəssüf ki, mən Gürcüstanda səfir olandan bəri biz ölkənin bu öhdəliklərinin icrasında inkişaf görməmişik. Son illər, özəlliklə də son ayda “Gürcü Arzusu” hökuməti tərəfindən hadisələrin necə inkişaf etdirilməsini müşahidə etmək çox narahatedicidir”.

Qeyd edək ki, bundan öncə Gürcüstan hökumətinin tələbi ilə “Xarici agentlər Haqqında” Qanunun qəbulu Tbilisi ilə Qərb dünyası arasında münasibətləri gərginləşdirib. Vaşinqton qanunun qəbulundan sonra bəzi gürcü məmurlara sanksiya tətbiq edib. Lakin sanksiyanın kimlərə tətbiq edildiyini nə Tbilisi, nə də Vaşinqton açıqlayır.

Əliyar Xəlil
Globalinfo.az