Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Ukraynada nümayəndəliyi fəaliyyətə başlayacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Beynəlxalq Cinayət Məhkəməsinin Ukrayna ofisinin açılmasına dair sazişi BCM-nin baş katibi Piter Luis və Ukraynanın baş prokuroru Andriy Kostin imzalayıb.
“Əməkdaşlığa, dəstəyə və yardıma görə Ukrayna hökumətinə minnətdarıq. Gələcək əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirik”, – Beynəlxalq Cinayət Məhkəməsinin katibi Piter Lyuis bildirib.
Ukraynanın Baş prokuroru Andrey Kostin isə deyib ki, ölkəsi siyasi və ya hərbi mövqeyindən asılı olmayaraq, Ukraynada törədilmiş beynəlxalq cinayətlərdə əli olanların hər biri məsuliyyətə cəlb olunmayana qədər dayanmayacaq.
Xatırladaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.
Rusiya Federasiyasının prezidenti Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiyasına görə məsuliyyət daşıyır. Məhkəmə bəyanatında bildirib ki, “ittihamlara əsasən, Putin Ukraynanın işğal olunmuş ərazilərindən Rusiya Federasiyasına əhalinin (uşaqların) qanunsuz deportasiyası və əhalinin (uşaqların) qanunsuz köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.”
Öz növbəsində, Rusiyada Uşaq Hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova da analoji cinayətlərdə şübhəli bilinib.