Türkiyə ata yurduna qayıdır – Mühüm səfərin kritik məqamları

Türkiyə ata yurduna qayıdır - Mühüm səfərin kritik məqamları

“Türkmənistan son illər neytral siyasətdən qismən aktiv və çoxvektorlu siyasətə keçid etməyə çalışır. Əslində, Qurbanqulu Berdiməhəmmədov tərəfindən postun oğlu Sərdara ötürülməsi dinc daxili keçidi təmin etmək və ölkəni Mərkəzi Asiyada qlobal və regional dəyişikliklərə uyğunlaşdırmaq idi”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kamran Sultanlı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Türkiyəyə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkmənistan son illər Türk dünyası, MDB ölkələri ilə, hətta Qərblə münasibətlərini inkişaf etdirməyə çalışır:

“Türkmənistanın Türkiyə ilə birlikdə hərbi təlimləri, ötən il “Bayraktar” PUA-ları ilə maraqlanması, Transxəzər marşrutu istiqamətində səylər onu göstərir ki, “Oğuz oxu” adlandıracağımız Türkiyə, Azərbaycan və Türkmənistan arasında yeni əməkdaşlıq formatı yaranır.

Türkmənistan dünyanın ən böyük qaz ehtiyatlarına malik ölkəsidir. İndiyə qədər əsasən Çin bazarına enerji tədarük edirdi. Türkmənistan enerji ixracının 90%-i Çin bazarına gedir, Çin isə öz enerji ehtiyacının təxminən 37%-ni Türkmənistan vasitəsilə qarşılayırdı. Eyni zamanda Türkmənistandan Çinə dörd kəmər gedirdi, bu kəmərlərin çəkilişi üçün Türkmənistan Çindən kredit alırdı, bu kreditləri isə qazla qaytarırdı, dolayı yolla ölkəyə valyuta daxil olmurdu və bu, Türkmənistan manatının ciddi şəkildə devalvasiyaya uğramasına səbəb olur.

Rusiyanın Çin bazarına fəal daxil olmasından sonra Türkmənistan ciddi şəkildə diversifikasiyaya ehtiyac duyur. Bir tərəfdən də Türkmənistan Azərbaycan və Türkiyə vasitəsilə öz enerjisini Avropaya çıxarmaqla Çin bazarından asılılığını azaltmağa və oradakı itkilərini kompensasiya etməyə çalışır.

Rusiyanın Ukraynaya hücumundan sonra Avropa Moskvadan qaz asılılığını azaltmağa çalışır, bunun üçün Türkmənistan öz böyük ehtiyatları ilə ən önəmli ölkələrdən biridir. Prezident Ərdoğanın da qeyd etdiyi kimi, Türkmənistan və Azərbaycan birlikdə Avropanı enerji ilə təmin edə bilər. Bu həm Türkiyənin ata yurd Orta Asiyaya qayıdış strategiyasının bir parçası, həm də enerji habı olma siyasətinin davamıdır. Azərbaycan da Şərqlə Qərb arasında körpü olaraq öz tranzit statusunu artırmağa, bununla Avropadan təzyiqləri azaltmağa və Orta Asiya ilə Türkiyə arasında körpü rolunu gücləndirməyə çalışır. Yəni hər üç tərəf bundan qazanır.

Şübhəsiz ki, layihəyə mane olan amillər, Azərbaycanın boru kəmərindəki problemlər həll edilməlidir. Bir də Türkmənistan qazı çirklidir, Azərbaycan qazı təmiz. Bu məsələlərin də layihənin icrasında təsiri var. Azərbaycan layihəyə razıdır, lakin bunun üçün Avropa və Türkmənistanın məsələni özlərinin həll etməsini vacib hesab edir”.

Turan Rzayev
Globalinfo.az