Siyavuş Novruzov haqlıdır: problemlər ortaya çıxır – Deputat

Siyavuş Novruzov haqlıdır: problemlər ortaya çıxır - Deputat

Bələdiyyələrin sayını azaldırıq. Onları birləşdiririk. Bəs, onların səlahiyyətlərini artıra biləcəyikmi?

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Hər hansı partiya üzvü bələdiyyə seçkilərinə qatılmaq istəyəndə onun səlahiyyətlərinin olmadığını əsas gətirərək, seçkilərdə iştirak etməklə bağlı maraq göstərmir. Biz elə etməliyik ki, cəlbedici olsun. Hər bir partiya üzvü, eləcə də vətəndaşlar burada təmsil olunma imkanlarının mövcudluğunu bilsinlər. Bələdiyyələrin sayını azaltdıqda bir sıra problemlər ortaya çıxır. Belə ki, uzaq məsafədə olan kəndlərin təmsilçiləri bir bələdiyyəyə müraciət etməli olacaqlar. Elektron bələdiyyə infrastrukturunu lazımi səviyyədə qura biləcəyikmi? Bələdiyyələrə 7.5 milyon manat vəsait ayrılır. Bələdiyyələrin elə bir ciddi layihəsi yoxdur ki, dövlət tərəfindən ona vəsait ayrılsın. Bu kimi problemlər aradan qaldırılmalıdır. Siyavuş Novruzovun dediyi kimi, tullantılar məsələsi bələdiyyələrə verilməlidir. Bu günə qədər niyə verilmədiyi hələ də sual altındadır.

Digər məsələ isə bələdiyyələrin öz ərazilərində hansı işi görüb-görməməsi ilə bağlı məlumatsız olmasıdır. 30 ildən çoxdur ki, müstəqil dövlətik, lakin hələ də bələdiyyə orqanlarına tam formada inzibati ərazilərlə bağlı xəritələri yekunlaşdırıb verməmişik. Bu kimi hallar müəyyən problemlərin yaranmasına səbəb olur”, – F.Mustafa qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az