Bayrağımızı həmin erməni yandırmayıb… – Gözdən qaçan detal / VİDEO

Bayrağımızı həmin erməni yandırmayıb... - Gözdən qaçan detal / VİDEO

İrəvanda Azərbaycan Bayrağı yandırılıb. Şəxsən mən bu və buna bənzər təxribat gözləyirdim.

Niyə?

Çünki 2020-ci ildə Vətən müharibəsində alçaldıcı bir məğlubiyyətə düçar olan erməni toplumu elə bir əziklik kompleksinə tutulub ki, bundan 100 il də keçsə, həmin xəstəliyi sağalmaz.

30 illik işğal dövründə biz nələr yaşamışıqsa, 2020-dən sonra da ermənilər eyni şeyi yaşayırlar.

Bayraq yandırmaq, əsiri döymək – bütün bunlar onu göstərir ki, müharibədəki və sonrakı döyüşlərdəki aşağılayıcı məğlubiyyətdən sonra əksər ermənilərin ürəkləri partlayır, boğulurlar, can çəkişirlər, amma bu sınmışlıqdan qurtula bilmirlər.

Rüsvayçı məğlubiyyətdən sonra içlərinə elə bir od düşüb ki, Mingəçevir su anbarını partlatsalar belə, onun suyu həmin odu söndürə bilməz.

Mənim nəzərimdə İrəvanda Bayrağımızı o bədbəxt erməni yandırmayıb, erməni toplumunun bütün revanşist beyinləri yandırıb.

O Bayrağı həm də təhlükəsizliyi təmin edə bilməyən Ermənistan hökuməti yandırıb.

Təşkilatçılar yandırıb.

Bayrağımızın yandırılması təbii ki, təxribatdır və səbəbkarlar cəzalanmalıdır. Amma bu akt böyük mənada heç nəyi dəyişmir.

Çünki Şuşada, Ermənistanın “suveren ərazilərim” dediyi torpaqlarda dalğalanan üçrəngli Bayrağı yandırmaq mümkün deyil.

Şübhə etmirəm ki, Şuşada dalğalanan o Bayraq yüzminlərlə revanşist erməninin ürəyinə elə bir od salıb ki, bundan sonra milyonlarla Azərbaycan Bayrağı yandırsalar da, yenə alovun gücün ürəklərindəki odun böyüklüyünə çata bilməz.

Tamerlan Yayaqan
Globalinfo.az