Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Globalinfo.az bildirir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
“Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir”.
G.Məmmədova qeyd edib ki, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, gecə 0-5 dərəcə şaxta, gündüz 4 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15, gündüz 5-8 dərəcə şaxta olacaq. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.














