fazil mustafa 900x563 1

“Bu gün önəmli problemlərdən biri ictimai nəqliyyat məsələsidir. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib. Bu addım Gəncə kimi böyük bir şəhərdə ictimai nəqliyyat probleminin həllində mühüm rol oynayacaq”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, paytaxt Bakı şəhərində də ictimai nəqliyyatın necə işləməsi əhalinin həyat səviyyəsinin yaxşılaşmasının və ya pisləşməsinin əsas göstəricilərindən biridir:

“Bu günlərdə metroda qiymətlərin artması təbii olaraq iqtisadi baxımdan əsaslandırıla bilər. Lakin digər ölkələrdə qiymətlər artarkən mütləq olaraq imtiyazlı təbəqələrin necə qorunacağı, hansı güzəştlərdən yararlanacağı öncədən müəyyənləşdirilir.

Bizdə isə tələbələrin, şəhid ailələrinin, aztəminatlı insanların, daun və autizm sindromlu uşaqların, müalicəyə ehtiyacı olanların daşınması ilə bağlı güzəştlərin təmin edilməməsi ciddi problemdir. Onların gəlir səviyyəsi artmadığı halda əlavə yük daşıması sosial narazılıq yaradır.

Başqa mühüm məsələ – hava limanından şəhərə daşınma probleminin indiyə qədər həll olunmamasıdır. Bu, ölkənin imici üçün böyük çətinliklər yaradır. Hətta hörmətli Ombudsman da məsələni qaldıraraq hava limanındakı taksi inhisarçılığına son qoyulmasının vacibliyini qeyd etdi.

Təsəvvür edin: bir sərnişin Naxçıvandan 50–60 manata təyyarə ilə Bakıya gəlir. Əlavə olaraq 30–40 manat da taksiyə xərcləməli olur. Beləliklə, sadə vətəndaşın ümumi xərci 100 manata yaxınlaşır. Bu, həm yerli sakinlər, həm də ölkəmizə gələn turistlər üçün ciddi çətinlikdir. Halbuki hava limanında avtobus və ya qatar alternativi mövcud olmalıdır.

Türkiyədə buna misal olaraq bələdiyyə avtobuslarını göstərmək olar – orada tələbələr kartla ödənişsiz və ya güzəştli istifadə edirlər. Çünki onların əlavə gəliri yoxdur. Təəssüf ki, bizdə tələbələrin və digər həssas təbəqələrin adı bu siyahılara daxil edilmir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: