Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədin demarkasiyası komissiyalarının aprelin 19-da keçirilən iclasında qəbul edilmiş protokola uyğun olaraq Tavuş istiqamətində 4 kənd üzrə sərhəd xətlərinin müəyyənləşdirilməsinin razılaşdırıldığı barədə açıqlama verib. Bununla belə, o, bəzi problemlərin qaldığına eyham vurub:
“Kirantsda müəyyən problemlər qalıb ki, bunlar da müzakirədə həll ediləcək. 10 gündür, Ermənistanın Sərhəd Qoşunları Bağanis-Voskepar bölməsində xidmət edir”.
Nikol Paşinyanın bu fikirlərinin arxasında nə dayanır?
Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Nikol Paşinyanın qeyd etdiyi problem evlərlə bağlıdır:
“Kirants Tavuşun kəndidir. İşğal dövründə buranı Azərbaycan əraziləri hesabına böyüdərək evlər tikiblər. Demarkasiyaya əsasən bu kəndin böyük hissəsi Azərbaycana düşür. Əslində, elə öz torpaqlarımız geri qayıdır. Qanunsuz tikilən evlər təhvil verilir. Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamalarına görə, məsələlər razılaşdırılıb, sərhəd müəyyənləşdirilib, problemli məsələ isə erməni əhalinin köçürülməsidir. Sərhəd kəndin ortasından keçərsə, həm körpü, həm də bir neçə yaşayış məntəqəsi Azərbaycanın nəzarətinə düşəcək”.
Politoloqun sözlərinə görə, Kirantsda sərhədin evlərin tam yanından keçməsi növbəti problemə səbəb olur:
“Kənd əhalisinin evlərinin yanında ordu yerləşdirildiyi halda insanların rahat yaşaması mümkün deyil. Normalda sərhəddə neytral sahədən sonra yaşayış ərazisi salınır. Kirantsda isə vəziyyət bir qədər çətindir. Lakin ümumilikdə Qazax-Tavuş istiqamətində demarkasiyada ciddi bir problem yoxdur”.
Safura Bənnayeva
Globalinfo.az