Bakı metrosu ilə bağlı əhalini düşündürən sualın cavabı – RƏSMİ

Bakı metrosu ilə bağlı əhalini düşündürən sualın cavabı - RƏSMİ

Xəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün İstanbul metrosundan 586 500 manat dəyərində məsləhət alınacağı xəbəri müzakirə yaradıb.

Globalinfo.az bununla bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, Bakı Metropoliteni artıq bir neçə ildir dünyanın modern texnologiyaları tətbiq edən metro sistemlərini araşdırır:

“Həmçinin qabaqcıl təcrübələri öyrənir və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir. Hazırda “Metro İstanbul” ümumi uzunluğu 241 km olan 18 xətt üzrə 236 stansiya ilə fəaliyyət göstərir. “Metro İstanbul” ilə əməkdaşlığın genişləndirilməsi Bakı metropoliteninin inkişaf strategiyasına uyğun olmaqla yanaşı, yeni metro xətlərinin və stansiyalarının layihələndirilməsi və həyata keçirilməsində yüksək mühəndislik keyfiyyətinin təmin olunmasına mühüm töhfə verəcək”.

Qeyd olunub ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, Bakı metropolitenində kifayət qədər irimiqyaslı işlər icra edilməlidir:

“Bu xüsusda 10 stansiyanın, buna müvafiq olaraq Bənövşəyi və Yaşıl xətlərin tunel traslarının müəyyən edilərək layihələndirilməsi və inşası, “Dərnəgül” elektrik deposunun inşası, “Xocəsən” elektrik deposunun inşasının tamamlanması, mövcud infrastrukturda yeniliklərin, o cümlədən rəqəmsal, innovativ texnologiyaların tətbiqi və sair çoxsaylı layihələr qeyd edilə bilər.

Eyni zamanda Bakı metropoliteni üçün ən əhəmiyyətli məsələ Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin həyata keçirilməsidir. Bunun üçün 200 metrə yaxın tunelin, “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında piyada tunelinin, “İçərişəhər” stansiyasında dönmə kamerasının, 2 dartı elektrik yarımstansiyasının inşası aparılmalı, daha 1 dartı yarımstansiyasının yenidən qurulması təmin edilməlidir. Qeyd edilənlər qarşıdakı dövrdə kifayət qədər mürəkkəb və çoxşaxəli işlərin aparılmalı olduğunu bir daha əyani nümayiş etdirir. Beynəlxalq maliyyə institutlarının tələbinə uyğun olaraq, bağlanmış müqavilə əsasında istismar üzrə təcrübəli müstəqil ekspert qiymətləndirilməsi təmin ediləcək”.

Zaira Akifqızı
Globalinfo.az