Gəncədə kişi bacısından əvvəl anasını da öldürübmüş – YENİLƏNİB

Gəncədə bacısını öldürməkdə təqsirləndirilən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov anasını öldürdüyü üçün 15 il azadlıqdan məhrum edilib və 7 ay əvvəl cəzası başa çatdığından azadlığa çıxıb.

Bundan başqa, qətlə yetirilən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirməkdə təqsirli bilinən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış.

Məlumatlara görə, qətlə səbəb isə Hüseyn Abbasovun müğənni bacısından pul tələb etməsi olub. Səbinə Abbasova qardaşına pul verməkdən imtina edib. Bu səbəbdən Hüseyn Abbasov bacısını həyətə çağıraraq bıçaqla zərbələr vuraraq öldürüb.

Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.

X X X

Bu gün səhər saatlarında Gəncədə törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, saat 7 radələrində Kəlbəcər sakinləri üçün inşa edilmiş Yeni qəsəbədə binanın önündə öldürülən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış və Gəncəyə gələrək ögey bacısını qətlə yetirib.

Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov saxlanılaraq istintaqa təhvil verilib. H.Abbasovun daha əvvəl məhkumluq həyatı yaşadığı bildirilir.

Qətlə yetirilən Səbinə Abbasovanın xalası Məxluqə Cəfərova bildirib ki, bu gün səhər saatlarında bacısı qızı ona zəng edib: “Səbinə səhər tezdən zəng edib dedi ki, ögey qardaşı gəlib binanın qarşısında məni gözləyir. Biz dedik ki, çıxma, polisə zəng elə. Səbinə daha əvvəl də dəfələrlə polisə müraciət etmişdi, ögey qardaşı ilə arasında münaqişə var idi. Bu zaman Səbinə bizə qulaq asmadan qapıdan çıxıb. Mən gələnə kimi gördüm ki, Səbinə qışqırdı. Çatanda artıq Səbinə can verirdi”.

***09:00

Kəlbəcər Rayon Polis Şöbəsinə Gəncə şəhər ərazisindəki yataqxanaların birində bir nəfər qadına kəsici-deşici alətlə çoxsaylı xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd edilib ki, dərhal Kəlbəcər Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hüseyn Abbasov şəxsi münasibətlər zəminində bacısı, 1989-cu il təvəllüdlü Səbinə Abbasovaya çoxsaylı xəsarətlər yetirib, sonuncu xəstəxanaya aparılan zaman ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

X X X

Gəncədə bacısını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kəlbəcər rayon prokurorluğu məlumat yayıb.

Noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.