Azərbaycanla Türkiyə vahid ordu yaradır? – “Köklü və məxfi proses var”

Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, sabiq müdafiə naziri Hulusi Akarın Bakıya səfəri Azərbaycanda maraqla qarşılanıb və ciddi müzakirə edilir.

Sabiq nazir ARB24-ün efirində Azərbaycanla Türkiyə arasında vahid ordunun qurulacağının anonsunu verib və bildirib ki, bu, başqa dövlətlərə təhdid kimi qiymətləndirilməməlidir.

“Bizim heç kimin torpağında gözümüz yoxdur”, – o deyib.

Akarın bu açıqlamasından belə nəticə çıxarmaq olarmı ki, Türkiyə və Azərbaycan xarici təhdidlərin qarşısını almağın yolunu orduların birləşdirilməsində, vahid hərbi gücə çevrilməkdə görürlər?

Bizim üçün məsələnin bir maraqlı tərəfi də var: belə mühüm prosesdə Hulusi Akar yenə önəmli mövqedədir. İki dövlət arasında ordu məsələsi ilə bağlı danışıqlarda H.Akarı Türkiyə dövləti yenidən görəvləndirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Alparsan İmamqulu deyib ki, dünyada baş verən siyasi, geosiyasi, hərbi proseslər, yaranan yeni risklər, təhdidlər, birlik, bərabərlik və əməkdaşlığı zəruri edir:

“Bu baxımdan Türkiyə və Azərbaycanın da birlikdə hərəkət etməsində təəccüblü heç nə yoxdur. İki ölkə arasında bu gün ordu quruculuğu sahəsində dərin, köklü və məxfi əlaqlər var.

Alparsan İmamqulu

Bu gün xüsusilə gələcəkdə “Turan ordusu”nun qurulması istiqamətində mühüm addımlar atılır. Hulusi Akarın Bakıya səfəri həm də bu baxımdan diqqət çəkir.

Hesab edirəm, 2024-cü il bu istiqamətdə atılacaq mühüm addımlarla yadda qalacaq. Bununla yanaşı müdafiə sənayesinin inkişaf etdirilməsi həm Azərbaycan ordusunun, həm də Türkiyə ordusunun inkişafı baxımdan olduqca vacibdir. Bu iki ölkənin regionda söz sahibi olması, habelə təhlükəsizliyini təmin etməsi üçün vahid ordunun qurulması mühümdür”.

Şair Ramaldanov

Hərbi ekspert, polkovnik Şair Ramaldanov isə deyib ki, Azərbaycan və Türkiyənin hərbi sahədə mühüm əlaqələri var:

“İki ölkə ordu quruculuğu sahəsində əməkdaşlıq edir. Vaxtaşırı keçirilən təlimlərlə təcrübə mübadiləsi aparır.

Şuşa Bəyannaməsinə görə, onsuz da iki ölkə müdafiə, ordu quruculuğu, təhlükəsizlik kimi bir çox sahədə ortaq əməkdaşlıqda razılaşıb. Bu, de-yure olmasa da, de-fakto ortaq anlayışına yaxındır.

İki ölkə orduları bu gün qarşılıqlı təcrübə mübadiləsi aparır. Azərbaycanın Türkiyə kimi NATO standartlarında orduya sahib olması və Türkiyə ordu modelinə keçidi sürətlənib”.

Turan Rzayev
Globalinfo.az