Azərbaycanla İran arasında nə baş verir? – Abdullahianın mesajının şifrələri

Azərbaycanla İran arasında nə baş verir? – Abdullahianın mesajının şifrələri

Azərbaycan İranla barışığa gedir? İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycana səfərini “qonşuluq siyasətini inkişaf etdirmək üçün fürsət” adlandırıb. O, Qoşulmama Hərəkatının Bakıda keçirilən iclasında iştirak etmək üçün ölkəmizə gəlib. İranın rəsmi Bakıya reveransları son aylar ciddi şəkildə özünü göstərir. Tehran şimal qonşusu ilə barışmaq istəyir. Azərbaycan isə bu çağırışlara o qədər də isti yanaşmır, öz duruşunu saxlayır. Amma rəsmi Bakının da İranla barışmaq istədiyini deyə bilərik. Çünki ortada çox vacib layihələr var ki, onları başa çatdırmaq lazım. Onlardan ən əsası Zəngəzur dəhlizidir. Hansı ki, İran bunu özünün “qırmızı xətti” adlandırmışdı. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan isə bu yaxınlarda demişdi ki, İran Zəngəzur dəhlizinin açılmasına daha çox mane olur, nəinki Ermənistan. Ona görə də ən vacib layihənin açılması üçün Tehranın yumşalması, neytrallaşması şərtdir.

Rəsmi Bakının Tehrandan tələbləri var. Barışıq üçün bu tələblər mütləq yerinə yetirilməlidir. Bunun ən birincisi bu il yanvarın 27-də Tehrandakı səfirliyimizə edilən terror hücumudur. İran hakimiyyəti bu terrorda iştirak edən şəxsi açıq şəkildə gizlətdi, onu istintaqdan yayındırmaq üçün hər oyundan çıxdı. Bakının bu tələbi yerinə yetirilməyəcəyi təqdirdə Tehrandakı səfirlik öz işinə başlamayacaq. İranın ucbatından hazırda iki ölkə arasında siyasi-diplomatik böhran yaşanır.

Bakının başqa tələbi İranın Azərbaycanla bağlı ritorikasını dəyişməsidir. SEPAH və molla korpusu (əslində, bunlar bir medalın iki üzüdürlər – A.A.) hər addımda ölkəmizə qarşı aşağılayıcı ton sərgiləyirlər. Gah ölkəmizi sözlə hədələyirlər, gah da sərhədimizə yaxın ərazidə hərbi təlim keçib, bizi işğalla qorxutmağa çalışırlar. Bütün bunlar effekt verməyəndə açıq terror keçildi.

Bunlar azmış kimi, cari ildə martın sonlarında Milli Məclisin deputatı Fazil Mustafanın həyatına sui-qəsd cəhdi oldu. Xoşbəxtlikdən deputat ağır yara almaqla bu terror hücumundan sağ çıxdı.

Göründüyü kimi, İran bizə qarşı hərtərəfli hücumdadır. Bu cür qonşu ilə başqa hansı dildə danışmaq olar? Layiqli cavablarını da verdikdə başlayırlar ki, bəs, Azərbaycan İrana qarşı torpaq iddiası edir. Anlamırlar, ya da anlamaq istəmirlər ki, bizim tarixi torpaqlarımızın böyük hissəsi hazırda İranın işğalı altındadır. 40 milyona yaxın Azərbaycan türkü Tehran rejiminin əsarətindədir. Elementar hüquqlardan belə mərhumdurlar. Ana dilində təhsil almaq haqları yoxdur.

Budur, artıq İran yaltaq ritorikanı işə salıb. Rəsmi Bakıya dil tökür, xahiş-minnət edir ki, barışsın. İran, deyəsən, fərqindədir ki, onun inadı bölgədə nəzərdə tutulan meqa-layihələrin həyata keçməsini əngəlləyə bilməyəcək. Ləngidəcək, bir müddət işləri axsadacaq, amma tam qarşısını ala bilməyəcək. Necə deyərlər, ox yaydan çıxıb artıq. ABŞ, Böyük Britaniya, Avropa Birliyi, İsrail, Rusiya, Türkiyə, Pakistan kimi müttəfiqləri var Azərbaycanın. Bu nəhəng müttəfiqlərin qarşısında Tehran rejimi nə qədər dayana biləcək? İranın öz daxilində gedən prosesləri də nəzərə alsaq, rəsmi Tehranın Azərbaycan qarşısında necə kiçik düşdüyünü görmək mümkündür.

Biz Ermənistanla müharibə edib torpaqlarımızı işğaldan azad etdik. Və ən əsası, İrana qalib gəldik. Onun hədə və işğal dişini sındırdıq. İndiyə kimi müqavimət göstərdi, gördü, bir şey alınmayacaq, valı dəyişdi.

Azərbaycan isə həm özünün, həm bölgə dövlətlərinin taleyini dəyişmək üçün nəhəng işlər görür. 3+3 formatında (Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya, İran, Gürcüstan) əməkdaşlıq təklif edir. Bu format reallaşsa, nəinki Güney Qafqazın, bütövlükdə regionun taleyi müsbətə doğru dəyişər. Xüsusən İranla Ermənistanın gerilikçi, işğalçı, düşmənçilik yayan siyasəti iflas olar.

İnanırıq ki, bu sadaladıqlarımız tezliklə reallaşacaq.

Aydın Aslan
Globalinfo.az