Azərbaycanın Naxçıvanla bağlı planı məlum oldu – İranla razılaşmalar var

Globalinfo.az Milli Məclisin deputatı Hikmət Babaoğlu ilə müsahibəsini təqdim edir:

– Hikmət bəy, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayen ikitərəfli əlaqələr çərçivəsində Ermənistana səfər etdi. İki tərəfin müzakirə etdiyi məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlı idi. ABŞ-ın sözügedən dəhlizlə bağlı hansı maraqları var? 

– Ceyms Obrayen Ermənistanda olarkən bir sıra mühüm mesajlar verdi. Bu təkcə Ermənistan-ABŞ münasibətləri baxımından deyil, həm də Birləşmiş Ştatların regiondakı mümkün planları ilə bağlı məsələləri özündə əks etdirirdi. Bunlardan biri də İpək yolunun orta xətti olan Zəngəzur dəhlizinin açılması idi. O, bütövlükdə qlobal Cənub və Qərb üçün aktual məsələni gündəmə gətirdi. Dünyanın yeni kommunikasiya landşaftı formalaşır. Yeni dünya nizamının inkişaf tendensiyasının hazırkı mərhələsində belə bir kontinental və trans-dənizlər layihəsinə ehtiyac yaranır. Trans-Xəzər, trans-Qaradəniz layihələri yeni çağırışdır.

Obrayen ABŞ-ın maraqlarını çox açıq və konkret şəkildə ifadə etdi. Rəsmi Vaşinqton belə bir nəticəyə gəlib ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olması mümkün deyil. Rusiya faktorunu zərərsizləşdirdiklərini düşünürlər. Rus sülhməramlılarının son bölməsinin Zəngəzur dəhlizinin Ermənistan ərazisindəki hissəsindən çıxması, eyni zamanda 2 gün əvvəl Azərbaycanı birdəfəlik tərk etməsi fonunda ABŞ xeyli arqumentləşdirilmiş mövqe ortaya qoydu. Ona görə də Vaşinqton Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürmək istəyir. Türkiyə-Azərbaycan vasitəsilə Ön Asiya və Orta Asiya arasında gedən nəqliyyat, mümkün inteqrasiya proseslərində də Birləşmiş Ştatlar söz sahibi olmağa çalışır. Bu yanaşma qarşısında heç bir problem yaranmasa, Zəngəzur dəhlizi tezliklə açıla bilər.

Hikmət Babaoğlu 

– Mediada müzakirə olunan məsələlərdən biri də Azərbaycan qazının Ukrayna ərazisindəki Rusiya qaz kəmərləri ilə Avropaya nəql etməsidir. “Politico” nəşrinin yaydığı məlumata görə, Avropa İttifaqı Ukraynadan qaz tranziti ilə bağlı Bakıya müraciət edib və rəsmi Bakı da bunu müsbət qarşılayıb. Belə marşrutla Azərbaycan qazını Avropaya nəql etmək mümkün ola bilərmi? Rusiyanın bu ssenaridə iştirakı mümkün görünürmü?

– Azərbaycan qazının Ukrayna üzərindən yeni interkonnektorlar inşa edilərək Avropaya ötürülməsi mürəkkəb məsələdir. Bu, perspektiv üçün mümkün görünür. Lakin ilk növbədə Azərbaycan qazını Ukraynaya çatdırmaq lazımdır. Doğrudan da Ukraynadan Avropaya gedən Rusiya ilə birgə inşa edilmiş qaz kəmərləri var. Onları işlək vəziyyətdə tutmaq olar. Məsələ Azərbaycan qazının Ukraynaya necə və hansı marşrutlarla çıxarılmasıdır. Çünki qazın Rusiya üzərindən Kiyevə ötürülməsi mümkün deyil. Azərbaycanın da Ukrayna ilə birbaşa sərhədləri yoxdur. Bu halda real varinat kimi Trans-Qaradəniz qaz marşrutu gündəmə gələ bilər. Belə kommunikasiya təcrübəsi də var. Rusiya ilə Türkiyə arasında məhz Qaradənizin altından çəkilmiş işlək qaz kəməri mövcuddur. Təcrübədə də özünü doğruldub. Yaranması nəzərdə tutulan qaz kəmərinin qaz resursları ilə təmin olunması da dəqiq hesablanmalıdır. Bu, çox böyük layihədir və hərtərəfli hesablamalar tələb edir.

– Artıq iki gündür ard-arda Ermənistan Naxçıvan istiqamətində ordumuzun mövqelərini atəşə tutur. Bəs bu təxribatçı addımların fonunda tezliklə Zəngəzur dəhlizinin açılması mümkündürmü? Yoxsa Azərbaycan İran üzərindən alternativ yola üstünlük verəcək?

– Azərbaycan həmişə hər hansı layihəni həyata keçirəndə onu alternativ qaydada edir. Yəni istənilən strateji layihə ilə bağlı Azərbaycanın “A,B,C” variantları daima olub. Əks halda bu günə qədər belə uğurlu enerji, nəqliyyat kommunikasiyalarını həyata keçirmək mümkün olmazdı. Zəngəzur dəhlizinə paralel olaraq İran üzərindən Naxçıvanı birləşdirəcək yolla bağlı rəsmi Bakının ikinci planı olduğu şübhəsizdir. Bu istiqamətdə işlər gedir. Əslində hər iki yol da bizə uyğundur, lakin ən yaxını Zəngəzur dəhlizidir. Bunun mənəvi, siyasi tərəfləri də var. Bütün hallarda Zəngəzur dəhlizi açılacaq. Paralel olaraq İran üzərindən keçən alternativ yol da işlək olacaq.

İranın mərhum prezidenti İbrahim Rəisinin Azərbaycana səfəri çərçivəsində əldə edilmiş razılaşmalar, bir neçə gün əvvəl İran və Azərbaycan hərbiçilərinin birgə təlimə başlaması rəsmi Tehranın və Bakının son 4 ildə görünməmiş yaxınlaşması idi. Sözügedən dəhlizlərin açılması üçün də müəyyən ümidlər yaradır. Ermənistan XİN açıq şəkildə bəyan etdi ki, Zəngəzur dəhlizinin açılmasına Tehran icazə vermir. Buna görə də sözügedən maneələr aradan qalxarsa, atəşkəsin pozulmasına baxmayaraq, Zəngəzur dəhlizi açıla bilər.

Safura Bənnayeva
Globalinfo.az