Globalinfo.az “Tarixin sirləri” rubrikasının ilk buraxılışında “Martini” tüfəngi haqda maraqlı məlumatları təqdim edir:
Silah inqilabı
1860-cı illərin Avropasında silah sənayesi sürətlə inkişaf edir, ölkələrin artan imperialist maraqları yeni silahlara tələbatı artırırdı. XIX əsrin birinci yarısında Avropada və dünyanın bir çox regionlarında piyadaların istifadə etdiyi tüfənglər daha çox lülədən doldurulma modellər idi.
Silahların inkişaf etməsi ilə bu modellər çaxmaq çərçivəsindən doldurulan tüfənglərlə əvəzləndi. Misal üçün, Prussiya 1841-ci ildə “Dreyse”, Fransa 1866-cı ildə “Chassepot”, “Avstriya Vaenzl” və 1869-cu ildə Bavariya “Verder” markalı tüfəngləri öz arsenalına əlavə edərək, çaxmaq hissədən doldurulan silahlar erasını başlatdı. Bu, öz növbəsində yeni silah inqilabı idi.
“Martini Henri”
“Martini” piyada tüfəngi 1870-ci ildə isveçrəli silah ustaları Fridrix von Martini və Aleksandr Henri tərəfindən ərsəyə gətirilib. Təsadüfi deyil ki, bu, həm də “Martini-Henri” tüfəngi olaraq adlanır.
Tüfəng ilk dəfə Henri O.Peabodi tərəfindən hazırlanıb. Qısa müddət sonra dövrün supergücü, “üzərində günəş batmayan imperiya” adlanan Britaniyanın diqqətini çəkir və dərhal istehsalına başlanılır. Lakin Fridrix fon Martini Peabodi mexanizmi üzərində dəyişikliklər edərək tüfəngi yeni və daha rahat istifadə edilən hala gətirib patentini alır. Məhz bundan sonra Britaniya Henri O.Peabodi tərəfindən hazırlanmış tüfəngin istehsalından imtina edərək, onu “Martini” tüfəngləri ilə əvəzləyir.
Osmanlının sifarişi
“Martini” tüfəngi Britaniya ordusunun arsenalına daxil edildikdən sonra popuyarlıq qazansa da, onun dünya miqyasında tanınması Osmanlı imperiyası ilə bağlıdır.
Belə ki, Osmanlının süqutunun qarşısını almaq və Avropa ilə mübarizə yolunu ordunun modernləşdirilməsində görən dövrün Osmanlı sultanı Əbdüləziz “Martini” tüfəngini yaxından izləyirdi. Bu tüfəngə böyük maraq göstərən Əbdüləziz 1872-ci ildə Osmanlı ordusuna yeni tüfənglər daxil etmək üçün tender elan etmiş və bu tüfənglərin istehsalı üçün “Providence” firması ilə müqavilə bağlamışdı.
Təxminən 600 min tüfəngin 6 illik müddətində Osmanlı ordusunun arsenalına daxil edilməsi planlaşdırılsa da, bu proses sultan II Əbdülhəmidin dövründə yekunlaşıb.
Osmanlı üçün xüsusi dizaynla istehsal edilən “Martini” tüfənglərində sultanın möhürü, ay-ulduz dizaynı və qızılı ornametlər xüsusilə diqqət çəkirdi. Bəzi modellərində aynanı xatırladan ornametlərdən istifadə edilməsi silahın həm də “Aynalı Martini” kimi tanınmasına səbəb olur.
“Aynalı Martini” əfsanəsi
“Aynalı Martini” Anadolu, İran və Cənubi Qafqaz və Mərkəzi Asiyada populyar silah idi. Bunun əsas səbəbi həmin regionlarda qaçaq hərəkatının nüməyəndələrinin, xalq qəhrəmanlarının bu silaha üstünlük verməsi idi.
Anadoluda Həkimoğlu İbrahim, Cənubi Qafqazda Qaçaq Kərəm, Qaçaq Nəbi, İranda Səttar xan, Bağır xan kimi məşhur xalq qəhrəmanları həm də “Aynalı Martini” silahları ilə tanınırdılar.
Xüsusilə Qaçaq Nəbinin özü qədər məşhur olan “Aynalı Tüfəngi” ona Rus-Osmanlı müharibəsində iştirak edən dostu tərəfindən gətirilmiş Osmanlı tüfəngi idi.
Turan Rzayev
Globalinfo.az














