
“256 deputatdan birinin qətnamənin əleyhinə səs verməməsi diplomatiyadakı boşluqdan qaynaqlanır”
“Fransanın Azərbaycana qarşı qəbul etdiyi qətnamə mahiyyət etibarilə təkcə rəsmi Bakını deyil, həm də Türkiyəni yaxından maraqlandırır. Məsələ ondadır ki, rəsmi Parisin bu siyasəti kompleks xarakter daşıyır. Fransa həm Cənubi Qafqazda, həm də Şərqi Aralıq dənizində Türkiyəni və təbii olaraq onun müttəfiqlərini özünün ən böyük rəqibi olaraq görür”.
Bu sözləri Globalinfo.az-a politoloq Vaqif Hüseyn noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) qəbul edilən “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qətnaməni şərh edərkən deyib.
Onun sözlərinə görə, Fransa Türkiyəyə gözdağı olsun deyə ilk öncə öz aləmində onun müttəfiqlərini cəzalandırır:
“Biz bunun əksi olaraq Türkiyənin rəqiblərinə rəsmi Parisin dəstək verdiyini də görə bilərik. Misal üçün, Fransa Ankaranın Şərqi Aralıq dənizində ən böyük rəqibləri olan Misir və Yunanıstanı aktiv şəkildə silahlandırır. Bundan başqa, Ermənistan ilə bağlı məsələlərdə də Paris hər zaman əngəlləyici rol oynayır. Misal üçün, 1988-ci ildə hələ SSRİ-nin parçalanmadığı bir zamanda Türkiyənin Avropa Birliyinə üzvlüyünü əngəlləmək üçün Avropa Parlamentinə fransız deputatlar qondarma erməni soyqırımı layihəsini təqdim etmişdi. Bu mənada mən Fransanın Azərbaycana qarşı qəbul etdiyi qətnaməni kompleks şəkildə qiymətləndirilməsinin tərəfdarıyam”.
Politoloq Milli Assambleyanın 256 deputatının qətnamənin lehinə səs verməsini də dəyərləndirib:
“256 deputatdan birinin belə qətnamənin əleyhinə səs verməməsi bizim diplomatik sahədəki boşluqlarımızdan qaynaqlanır. Hesab edirəm, bu barədə diplomatiya sahəsindəki rəsmilərimiz ciddi düşünməlidir.
Ümumilikdə isə Azərbaycanla Fransa arasında mədəni əlaqələr xeyli inkişaf edib. Xüsusilə qeyd edim ki, iki ölkə arasında təhsil əlaqələri bu gün çox güclüdür. Bu gün Fransanın Azərbaycanda universiteti və liseyi fəaliyyət göstərir.
Hesab edirəm, diplomatik dairələrimiz bundan sonra daha aktiv olmalıdır. Düzdür, biz tam olaraq onların heç bir iş görmədiyini də deyə bilmərik. Bu da doğru yanaşma olmaz, lakin bütün hallarda boşluqlar göz qabağındadır”.
V.Hüseyn Fransa parlamentinin aşağı palatasında qəbul edilən qətnaməyə cavab olaraq rəsmi Bakının ata biləcəyi addımlardan danışıb:
“Mən bu qətnaməyə görə Azərbaycanın Fransa ilə konfliktə girəcəyini düşünmürəm. Düzdür, rəsmi Bakının atacağı addımlardan biri kimi Əlcəzairdə baş verən hadisələrin soyqırım kimi tanınması təklif edilir, lakin düşünmürəm ki, bu fayda versin. Ümumiyyətlə Əlcəzairlə Fransanın arası bu gün çox yaxşıdır. Yəni bizim təktərəfli belə bir addım atmağımız doğru olmaz.
Azərbaycanın Korsikada baş verən iğtişaşlara dəstək verməsi və ya yeni Kaledoniyanın müstəqilliyinin tanınmasını təklif edənlər də var, bunları da real hesab etmirəm.
Ümumiyyətlə Yeni Kaledoniya Fransanın tabeliyində qalmaq qərarı verib. Hazırkı anda Azərbaycanın siyasi dairərləində Korsika adası ilə bağlı hər hansı siyasi planın olduğunu düşünmürəm. Amma Azərbaycan özəlliklə Fransa və İspaniyaya onların da eyni problemlərlə (separatizm) üzləşə biləcəyini tez-tez xatırlatmalıdır”.
Turan Rzayev
Globalinfo.az














