Azərbaycanda iki mühüm hadisə gözlənilir – TƏCİLİ

Növbədənkənar prezident seçkilərindən sonra gündəmə gələn məsələlərdən biri də Konstitusiyaya uyğun olaraq Milli Məclisə seçkilərin nə vaxt keçiriləcəyidir. Globalinfo.az-ın əldə etdiyi məlumata görə, bu proses çərçivəsində tezliklə ölkədə referendumun keçirilməsi də müzakirə edilir. Səbəb kimi ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra yeni reallıqların yaranması göstərilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, yaxın vaxtlarda referendumun keçirilməsi tamamilə mümkündür:

“Azərbaycan Respublikasının Konstitusiyasına görə, parlament seçkilərinin keçirilməsinin vaxtı yaxınlaşır. Hər iki məsələ aktualdır. Lakin bunlardan hansının daha öncə baş tutması aidiyyəti yerlər tərəfindən müəyyənləşdiriləcək.

Hikmət Babaoğlu

Əvvəlcə, referendum keçirilib Milli Məclisə seçkilərlə bağlı müddəalar çıxarılarsa, parlament seçkiləri gələn ilin fevral ayına da qala bilər. Əgər referendum olmasa, parlament seçkiləri ən gec noyabrın ilk həftəsinin bazar gününə qədər baş tutmalıdır”.

Hüquqşünas Fuad Ağayevin sözlərinə görə, təxminən eyni vaxtda referendum və Milli Məclisə seçkilər keçirilə bilər:

“Fövqəladə vəziyyət yoxdur. Ona görə də 2024-cü ilin noyabr ayına qədər Milli Məclisə seçkilər keçirilməlidir”.

Safura Bənnayeva
Globalinfo.az