Azərbaycanda ən seysmoaktiv rayonlar bunlardır

“Ümumi hesablamalarda ən seysmoaktiv bölgəmiz Şamaxı-İsmayıllıdır”.

Globalinfo.az xəbər verir ki, bunu “Kaspi”yə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Baş direktor bildirib ki, Abşeronda zəlzələ ocağı yoxdur:

“Seysmoaktiv zonalarımız 8-9 ballıq zonalardır. Birinci Xəzər dənizini deyim. Deməli, Abşeron rayonunda 25 stansiyamız var. Hələ Abşeron yarımadasının özündə zəif təkan belə qeydə alınmayıb. Deməli, Abşeronda zəlzələ ocağı yoxdur. Yarımadaya təhlükə Xəzərdə olan zəlzələ ocaqlarından gəlir. Ümumiyyətlə, bütün respublikamız seysmoaktivdir. Xəzərin cənub-şərqi, şərqi, şimali-şərqi, şimal hissəsi, Xəzərin özü. Quru hissələrdə Quba, Qusar, Xaçmaz seysmoaktivdir. Böyük Qafqazın cənub şərq hissəsinə keçsək Şamaxı, İsmayıllı bütöv aktiv zonadır. Şimal-Qərb hissəmiz Şəki, Zaqatala, Balakən, Qərb hissəsi – Gəncəbasar zonası, sonra Talış dağları, Kür çökəkliyi. Naxçıvan da həmçinin. Orada da tarixən böyük zəlzələlər olub”.