Azərbaycan və İsrail Qəzzanı müzakirə etdi

28 iyun 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin xarici işlər naziri İsrael Katz arasında telefon danışığı aparılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivlərini, beynəlxalq və regional məsələləri, Qəzza ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Qəzzada qısa müddət ərzində atəşkəsin əldə olunmasının, hər iki tərəfdən mülki əhalinin hədəf alınmamasının, İsrail-Fələstin münaqişəsininin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində 2024-2026-cı illəri əhatə edən sədrliyi çərçivəsində görülməsi zəruri olan işlər və planlar telefon danışığı zamanı nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə məsələləri, habelə Azərbaycan-Ermənistan sülh prosesi barədə qarşı tərəfə ətraflı məlumat verib.

Ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.