Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin son məlumatında qanunsuz erməni silahlılarının təyyarələrə radiomaneələrin tətbiqini son günlərdə intensivləşdirdiyi qeyd olunur.
Belə ki, separatçılar rus sülhməramlılarının yerləşdiyi ərazidən Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar həyata keçirən yerli və xarici şirkətlərin təyyarələrinə radiomaneələr törədir, beləliklə reyslərdə GPS peyk naviqasiya sistemlərində fasilələr yaranır.
Nazirlikdən verilən məlumata görə, məsələ ilə bağlı sülhməramlıların komandanlığına məlumat verilsə də, heç bir addım atılmır. Bu təhlükəli vəziyyət yenə də davam edir.
Separatçıların bu addımının əsas məqsədi nədir? Problemin birdəfəlik həlli üçün necə bir addım atılmalıdır?
Mətin Məmmədli
Mövzunu Globalinfo.az-a dəyərləndirən politoloq Mətin Məmmədli bildirib ki, məsələyə görə məsuliyyət sadəcə ermənilərin üzərinə düşmür:
“Bu fakt Qarabağdakı separatçı rejimin ölkəmizə qarşı birmənalı olaraq təxribat cəhdidir. Beynəlxalq hüquq normalarını, Azərbaycan qanunlarını kobud şəkildə pozaraq törədilən bir əməldir. Sözügedən məsələ bir daha onu göstərir ki, qondarma “rejim” və onun himayəçiləri bölgədə vəziyyəti daha da gərginləşdirirlər. Bu məqsədlə Qarabağda, Azərbaycanın Ermənistanla şərti sərhədində müxtəlif təxribatlara cəhd göstərirlər. Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilənlər də bu təxribatların bir növ davamı kimi qiymətləndirilə bilər.
Burada sadəcə ermənilər deyil, eyni zamanda Rusiyanın sülhməramlı qüvvələri də məsuliyyət daşıyır. Onlara məsələ ilə bağlı məlumat verildiyi halda, heç bir ölçü götürülmür. Belə təxribatlar davam edəcəyi təqdirdə bölgədə vəziyyət daha da gərginləşəcək. Bu da Qarabağdakı cinayətkar “rejim” və Azərbaycanı təxribata cəlb etməyə çalışan qüvvələr üçün fəlakətlə nəticələnə bilər”.
Qeyd edək ki, iyulun 24-ü Bakı-Füzuli marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli, iyulun 25-i Budapeşt-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Çexiya Hava Yollarının C-680 tipli və iyulun 27-si Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yarandığı qeyd olunur.
Ayşən Mustafa
Globalinfo.az














