HƏMAS-İsrail müharibəsi: Bakının hazırkı mövqeyinin səbəbi

HƏMAS-İsrail müharibəsi: Bakının hazırkı mövqeyinin səbəbi

HƏMAS-İsrail gərginliyi fonunda Türkiyə və Rusiyanın sərgilədiyi mövqe diqqət çəkir. Xüsusilə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin açıqlamaları ortaq fikir təəssüratı yaradır. Putin deyib ki, paytaxtı Şərqi Qüds olan suveren Fələstin dövləti yaradılmalıdır.

Azərbaycan isə bu münaqişə haqda hələlik rəsmi mövqe bildirməyib. Bakı ehtiyatlı və balanslı siyasət yürüdür.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Azərbaycanın hələlik dövlət səviyyəsində fikir bildirməməsi, Rusiya və Türkiyənin dediklərini təkrar etməməsi bir daha ölkəmizin müstəqil siyasət yürütdüyünü göstərir:

“Rəsmi Bakı həqiqətən geosiyasi müstəvidə müstəqil xarici siyasət yürüdür. Dostluq, strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərindən asılı olmayaraq öz mövqeyini qoruyub saxlayır.

Hazırda HƏMAS-İsrail müharibəsinə baxış bucağı üç cürdür:

1. HƏMAS-ı dəstəkləyən ölkələr;

2. İsraili dəstəkləyən ölkələr;

3.Heç bir tərəfi konkret dəstəkləməyən ölkələr.

Aydın məsələdir ki, birinci və ikinci qrupa aid ölkələrin bu və ya digər formada İsrail və Fələstinlə əlaqələri var. Üçüncü qrupda yer alan ölkələr isə daha çox məsələyə ehtiyatlı yanaşır və konkret bir tərəfi dəstəkləmir.

HƏMAS-İsrail müharibəsi: Bakının hazırkı mövqeyinin səbəbi

Əlimusa İbrahimov

Azərbaycan da üçüncü qrup ölkələrdəndir. İndiki məqamda konkret bir tərəfi dəstəkləməyə ehtiyac yoxdur. Bu, müsbət nəticə verməyəcək, əksinə ölkəmiz üçün mənfi tərəfləri ola bilər.

İsrail 44 günlük müharibədə bizi dəstəkləyib. Diplomatik, siyasi dəstəyini əsirgəməyib. Lakin Fələstin-Azərbaycan münasibətləri də qaydasındadır. Yəni münasibətləri riskə atmaq olmaz. Bu baxımdan rəsmi Bakının sərgilədiyi mövqe indiki məqamda ən doğru və obyektiv yanaşmadır”.

Turan Rzayev
Globalinfo.az