Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Eldar Mehralı oğlu Qocayev vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Qeyd edək ki, Qocayev Eldar Mehralı oğlu 1944-cü il dekabr ayının 10-da anadan olub. 1962-ci ildə Qərbi Azərbaycanın İcevan rayonunun Polad kənd orta məktəbini bitirib. 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakultəsində təhsil alıb. 1967-72–ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda işləyib, 1972-ci ildə həmin institutda mürəkkəb yarımkeçiricilərin alınması və elektrofiziki xassələrinin tədqiqinə həsr edilmiş namizədlik dissertasiyasını, 1985-ci ildə isə institutda doktorluq dissertasiyasını müdafiə edib.
1987-ci ildə fizika üzrə professor adını alıb.
1973-90-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlayıb.1976-cı ildə inistitun Fizika kafedrasının yaradılmasında fəal iştirak edərək 1990-cı ilə qədər həmin kafedraya rəhbərlik edib. Onun rəhbərliyi ilə kafedranın nəzdində ən müasir tədqiqat işləri aparmağa imkan verən elmi-tədqiqat və tədris laboratoriyaları yaradılıb və həmin dövrdə 3 elmlər namizədi hazırlayıb. Həmin alimlər halhazırda Sumqayıt Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışırlar.
1987-90-cı illərdə Sumqayıt filialının elmi və tədris işləri üzrə prorektoru, 1989-cu ildə isə rektor əvəzi işləyib.
Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görüb. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülüb.














