“Azərbaycan Ermənistan üzərində nokautla təmiz qələbə qazanıb. Bu dünya tarixində nadir bir hadisədir”.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Moskvada 8 noyabr-Zəfər Gününü həsr olunan tədbirdə iştirak edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi ekspert Sergey Markov bildirib.
Rusiyalı ekspert Xankəndindəki hərbi paradın Azərbaycan üçün müzəffərlərin paradı olduğunu söyləyib: “Məncə, bu, hətta vaxtı ilə sovet qoşunlarının Berlində keçirdiyi paraddan da daha önəmlidir. Bu, onu göstərir ki, Qarabağ tam Azərbaycanındır. Azərbaycan ordusu müzəffər ordudur. Azərbaycanlılar qalib xalqdır. Düşünürəm ki, bu qalibiyyət hissi bundan sonra ölkənin iqtisadi, mədəni inkişafına çox müsbət təsir edəcək. Siz, biz hamımız bunun şahidi olacağıq”.
Rusiyalı politoloq Darya Qrevstova da Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində əmin qələbə münasibəti ilə təbrik edib. Bildirib ki, bu qələbənin nəticəsində Azərbaycan öz torpaqlarını geri qaytarıb:
“İndi Azərbaycan xalqı öz rəhbərliyi, ordusunun gücü ilə fəxr edir. Xalq və ordu sözdə deyil, əməldə sübut etdi ki, güc yolu ilə torpaqlarını işğaldan azad etməyə qadirdir. Ermənistan Azərbaycanın iradəsi, ərazilərini geri qaytarmaq əzmi qarşısında tab gətirə bilmədi. Biz indi həmin ərazilərin necə inkişaf etdiyini görürük. Görürük ki, həmin torpaqların, Qarabağın əsl sahibləri geri qayıdıb”.














