Azərbaycan çempionatında son 27 ilin rekordu

Azərbaycan çempionatında son 27 ilin rekordu qeydə alınıb.

Globalinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2023/24 mövsümündə müxtəlif liqalarda iştirak edən klubların ümumi sayı 34-ə çatıb.

Premyer Liqa və 1-ci liqanın hərəsində 10, 2-ci liqada 14 komanda mübarizə aparır. Bir mövsümdə 34 klubun Azərbaycan çempionatında iştirak etməsi son 27 ilin mütləq rekordudur.

1996-cı ildən sonra belə rəqəm qeydə alınmamışdı. Sonuncu dəfə daha çox iştirakçının mübarizə apardığı 1995/96 mövsümündə 38 klub təmsil olunub.

Düzdür, 2006/07 mövsümündə 35, 2007/08 mövsümündə 34 iştirakçı mübarizəyə qoşulub. Lakin həmin çempionatların hər ikisində 27 klub start xəttinə çıxıb ki, digərləri ikinci komandalar olub.

Əgər “ikincilər”in də yer aldığı əvəzedicilər liqasını da nəzərə alsaq, bu il çempionata ümumilikdə 44 komanda qoşulub. 1993/94 mövsümündən sonra belə böyük rəqəmə təsadüf olunmayıb. 29 il əvvəl iki liqada əsas və əvəzedicilərlə birlikdə 46 iştirakçı mübarizə aparıb.

Bir sözlə, klub sayında son 27, iştirakçı sayında son 29 ilin rekordu qeydə alınıb. Hər iki göstərici XXI əsrin ən yüksək rəqəmidir.