“Rusiya Ermənistanda enerji bloklarının tikintisi üçün ən əlverişli şərtləri təklif edir”.
Globalinfo.az xəbər verir ki, bunu enerji eksperti Artur Avetisyan deyib.
O bildirib ki, 1000-1200 meqavat güc seqmentində yeganə lider Rusiyadır.
Qeyd edək ki, daha öncə Ermənistanın ABŞ-la mülki nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş bağlamaq üçün ərizə təqdim etdiyi məlum olub. Ancaq Avetisyanın fikrincə, Ermənistanın Amerika atom elektrik stansiyası layihələrini nə vaxt və necə nəzərdən keçirməyə başlayacağı barədə danışmaq hələ tezdir.
O, Ermənistanın orta və ya yüksək gücə malik atom elektrik stansiyasına ehtiyacı olduğunu vurğulayıb.
“Bu sahədə lider mövqeləri ilə bir neçə ölkə (Rusiya, Çin, ABŞ və Fransa) seçilir. Lakin 1000-1200 meqavat güc seqmentində Rusiya şübhəsiz liderdir. ABŞ 300 MVt-a qədər gücü olan kiçik modul stansiyalar təklif edir. Lakin onlar hələ praktikada sınaqdan keçirilməyib. Mümkündür ki, bir neçə ildən sonra onların effektivliyi sübuta yetiriləcək, lakin bizim o qədər gözləməyə vaxtımız yoxdur”, – Avetisyan vurğulayıb.
Xatırladaq ki, Ermənistanda fəaliyyət göstərən AES 2016-cı ildə istismardan çıxarılmalı idi. Lakin onun istismar müddəti 2026-cı ilə qədər uzadılıb. Əsas işlər 189 milyon dollar həcmində Rusiya kreditləri və qrantları, qalanları isə Ermənistanın dövlət büdcəsi hesabına həyata keçirilib. Son hesablamalara görə, stansiya 2036-cı ilə qədər fəaliyyət göstərə biləcək. Lakin enerji sisteminin etibarlılığını artırmaq üçün hökumət o vaxta qədər yeni atom elektrik stansiyası tikməyi planlaşdırır.
Müşviq Tofiqoğlu
Globalinfo.az














