Autizmli uşaqların reabilitasiyasına yönəldilmiş ictimai təşəbbüslər – Yeni sosial layihə

Autizmli uşaqların reabilitasiyasına yönəldilmiş ictimai təşəbbüslər - Yeni sosial layihə

Müasir Psixoloji Dəstək İctimai Birliyi tərəfindən 01 iyul – 30 sentyabr 2025-ci il tarixlərini əhatə edən yeni sosial layihəyə start verilir.

Globalinfo.az bildirir ki, layihə “Gəncə-Daşkəsən regional rayonunda autizmli uşaqların reabilitasiyasına yönəldilmiş ictimai təşəbbüslər” adlanır və regionda yaşayan autizmli uşaqların sosiallaşması, inkişafı və cəmiyyətə inteqrasiyasına dəstək göstərməyi hədəfləyir.

Layihə çərçivəsində uşaqlar üçün fərdi və qrup məşğələləri təşkil olunacaq, onların nitq, kommunikasiya və sosial bacarıqlarının inkişafına yönəlmiş xüsusi proqramlar həyata keçiriləcəkdir. Eyni zamanda valideynlər üçün maarifləndirici təlimlər və psixoloji dəstək sessiyaları təşkil ediləcək, beləliklə ailələrin bu prosesdə fəal iştirakı təmin olunacaq.

Müasir Psixoloji Dəstək İctimai Birliyinin rəhbərliyi bildirir ki, bu təşəbbüs regionda autizmli uşaqların gündəlik həyat keyfiyyətini artırmaq, onların potensialını üzə çıxarmaq və inklüziv cəmiyyət quruculuğuna töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir.

Layihənin sonunda Gəncə-Daşkəsən bölgəsində yaşayan autizmli uşaqların reabilitasiya imkanlarının genişləndirilməsi və davamlı dəstək mexanizmlərinin yaradılması nəzərdə tutulur.