
12:16
Separatçı rejimin lideri Araik Arutyunyanın dünənki çıxışı Xankəndidə təşviş yaradıb.
Globalinfo.az xəbər verir ki, Bakıdan reinteqrasiya ilə bağlı təklif aldıqlarını deyən separatçı lider üstüörtülü formada bu təklifi qəbul edə biləcəklərinin anonsunu verib:
“Bizim iki seçimimiz var: ya mübarizəni davam etdirəcəyik, ya da cəmiyyətdə “Azərbaycanın təqdim etdiyi təklifi qəbul etməliyik” əhvali-ruhiyyəsi varsa, insanlar öz vətəndaş haqları çərçivəsində yeni hökumət formalaşdırılmasını demək imkanına sahibdirlər”.
Diqqət çəkən məqam Bakını təhdid etmək üçün çıxış edən Arutyunyanın çıxış mətninə bu ifadələrin salınmasıdır. Bu isə öz növbəsində Xankəndidə Bakının yeni antiterror əməliyyatı keçirəcəyi qorxusunun hakim olduğunu ehtimal etməyə əsas verir.
Görünür, Arutyunyan da Azərbaycanın tezliklə Qarabağdakı rejimin tam ləğvini tələb edəcəyini bilir və ona görə də nüfuzunun zədələnməməsi üçün indidən hərəkətə keçir. Yəni separatçı lider bir tərəfdən mübarizə aparacağını desə də, digər tərəfdən insanlar üçün alternativ variant da təklif edir ki, bu da ona Azərbaycanla reinteqrasiya prosesini başlatması üçün imkan yarada bilər.
II Qarabağ müharibəsinin əhali üzərində təsirinin hələ bitmədiyini bilən Arutyunyan bu ideyanın yavaş-yavaş yerli ermənilər tərəfindən dəstəklənəcəyini başa düşür. Ən azından Bakı ilə sərt mübarizənin tərəfdarı olan Ruben Vardanyanın ermənilər tərəfindən qəbul edilməməsi də Arutyunyanın ümidlərini artırıb.
Maraqlı məsələ Arutyunyanın bu niyyətini müxalif erməni qruplarının artıq dərk etməyə başlamasıdır. Təsadüfi deyil ki, Arutyunyanın çıxışından dərhal sonra təbliğata başlayan rusiyayönlü media qurumları qondarma rejim liderinin bununla Bakı ilə reinteqrasiya prosesini başlatdığını bildiriblər. Xüsusilə Arutyunyanın bu işdə Bakı ilə yaxınlaşmanın tərəfdarı olan şəxslərə, o cümlədən Ermənistan hakimiyyətinə yaxın qruplara yatırım edəcəyi vurğulanıb.
Əslində, bu iddiaları gücləndirən əsas amil insidentin yaşanmasından az öncə qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayanın Xankəndidə reinteqrasiya ilə bağlı təbliğata başlamasıdır. Məhz Babayan Paşinyanın II Qarabağ müharibəsindən sonra əsas müttəfiqlərindən biri sayılır. Üstəlik, mətbuata müsahibə verən Babayan erməni liderlərinin “heç bir güzəştə getmirik” deməsinə baxmayaraq, əslində, hər şeyi Bakıya təqdim etməyə hazırlaşdıqlarını deyib.
Bu isə öz növbəsində Qarabağın reinteqrasiyası ilə bağlı yeni proseslərin yaşanacağı təxminlərini artırır.
İlkin Həsənov
Globalinfo.az














