Almaniyanın xarici işlər naziri Johann Wadephul Xorvatiyaya səfəri zamanı ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün üçtərəfli görüş barədə açıqlama verib.
Globalinfo.az xəbər verir ki, Zaqrebdə həmkarı Qordan Qrliç Radmanla birgə keçirdiyi mətbuat konfransında çıxış edən Wadephul bildirib ki, Ukrayna bu gün yol ayrıcındadır və Qərbin dəstəyi Kiyevin özünü müdafiə etməsi üçün həlledici rol oynayır:
“Ukraynanın özünü müdafiə etmək üçün bizim dəstəyimizə ehtiyacı var. Sülh danışıqlarına doğru irəliləməyimiz müsbət haldır, amma hələ də bir çox suallar var”.
Nazir Tramp–Putin–Zelenski formatında görüş ehtimalını çox aşağı qiymətləndirərək Putinin belə bir danışıqlara hazır olmadığını vurğulayıb:
“İndi Putin ədalətli sülhə hazır olduğunu göstərməlidir. Vaxt qazanmaq üçün çalışmamalıdır. Əgər o, düşünürsə ki, uzun müddət davam edə bilər və Qərbin dəstəyi zəifləyəcək, bu böyük səhvdir. Bizim Ukraynaya dəstəyimiz azalmayacaq”.
Tahir Turan
Globalinfo.az