Ağcabədidə əl qumbarası partlaması zamanı ölənlər dəfn edildi – Təfərrüat / VİDEO

Ağcabədidə əl qumbarası partlaması zamanı ölənlər dəfn edildi - Təfərrüat / VİDEO

Ağcabədidə əl qumbarasının partlaması zamanı həlak olan ailə üzvləri dəfn edilib.

Globalinfo.az xəbər verir ki, partlayış zamanı həyatlarını itirən Bəhruz Quliyev, Natiq Quliyev, Şamiq Quliyev ailənin yaşadığı Hindarx qəsəbə qəbiristanlığında, babası evinə Bərdə rayonunun Əmirli kəndindən qonaq gələn Məhəmməd Məmmədli və Murad Məmmədli qardaşları yaşadıqları Əmirli kənd qəbiristanlığında dəfn edilib.

Ailənin digərüzvləri yaralı Ülviyyə Məmmədli və Aysun Quliyevanın müalicəsi xəstəxana şəraitində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

***22:15

Ağcabədinin Hindarx qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı yeni detallar məlum olub.

Belə ki, yaxınlarının bildirdiyinə görə, uşaqlar qumbaranı qoyun otaran zaman tapıblar.

Ağcabədidə əl qumbarası partlaması zamanı ölənlər dəfn edildi - Təfərrüat / VİDEO

Hadisə zamanı həlak olan Şamiq Quliyev və nəvəsi Natiq Quliyev

***14:56

Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):

1. Quliyev Şamiq Əfqan oğlu (1959);

2. Quliyev Bəhruz Şamiq oğlu (1983);

3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);

4. Məmmədli Murad Vidadi oğlu (2018);

5. Quliyev Natiq Namiq oğlu (2018),

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);

2. Quliyeva Aysun Namiq qızı (2015).

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***13:21

Yanvarın 31-də saat 11:30 radələrində partlayış səbəbilə xəsarət alan 2 nəfər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, onlardan 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxsə aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlıya isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.

Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***12:49

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə qəsəbə sakini Knyaz Məmmədova məxsus evdə baş verib.

Partlayış nəticəsində ev sahibi ilə yanaşı oğlu və 3 azyaşlı həyatını itirib. Onların 3-ü hadisə yerində, ikisi isə xəstəxanada vəfat edib.

Qumbaranın K.Məmmədovun nəvəsi tərəfindən zibillikdən tapılaraq evə gətirildiyi bildirilir.

X X X

Ağcabədidə qumbaranın partlaması nəticəsində 5 nəfərin öldüyü hadisə ilə bağlı bəzi təfərrüat məlum olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, azyaşlı uşaq Hindarx qəsəbəsi ərazisində oynayan zaman qumbara tapıb. O, qumbaranı evə gətirib və ailə üzvlərinə verən zaman qumbara açılıb və bu zaman partlayış baş verib.

Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırma aparılır.

Baş Prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

***12:33

Ağcabədidə əl qumbarası partlayıb.

Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Baş vermiş hadisə nəticəsi 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.