Xəbər verdiyimiz kimi, ABŞ və Ukrayna prezidentləri arasında fevralın 28-də Ağ Evdə baş tutan məlum gərgin görüşdə Ukrayna lideri Volodimir Zelenski ABŞ-ın irəli sürdüyü təbii ehtiyarlarla bağlı sazişin imzalanmasına qarşı çıxmışdı. Eləcə də müharibə mövzusunda, Ukraynanın gələcəyi haqda da fikir toqquşmaları olmuşdu. Həmin görüşdə Donald Trampın aqressiv rəftarı isə dünyanı şoka salmışdı. Bunun ardınca Zelenski yerli və xarici mediada ABŞ imperializminə sinə gərən lider kimi təqdim edilirdi. Lakin son məlumatlara görə, ABŞ və Ukrayna prezidentləri faydalı qazıntılarla bağlı sazişin tezliklə imzalanması barədə razılığa gəlib.
Martın 11-də Ciddədə ABŞ-Ukrayna nümayəndələri arasında keçirilən görüşdə Rusiya ilə atəşkəs məsələsində razılaşır. Bununla da artıq Zelenskinin “Trampa gücü çatmadı” fikirləri ortaya çıxmağa başladı. Bu da özlüyündə müəyyən sualların yaranmasına səbəb oldu.
“Fevralı 28-də Ağ Evdə teatr qurulmuşdu” deyənlər haqlı çıxır? Bu razılıq əvvəlcədən qurulan planın tərkin hissəsi idi?
Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Donald Tramp və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens daha aqressiv və radikal ritorika ilə çıxış edirlər:
Sultan Zahidov
“Onların Ağ Evdə səsləndirdikləri fikirlər təəccüblü deyil. Ukrayna lideri Volodimir Zelenski prezident olmasına baxmayaraq diplomatik danışıq bacarıqları yoxdur. Ona görə də Ağ Evdəki çıxışlarında müəyyən mənada diplomatik protokollara əməl etmədi.
Zelenskinin başqa çıxış yolu olmadığı üçün razılaşmaya yaşıl işıq yandırdı. ABŞ-da məlum mübahisəli görüşdən sonra Zelenski Polşa və Londona səfər etdi. Orada Avropa liderləri ilə görüşdü. Lakin onlar Zelenskiyə Trampla barışmağı məsləhət gördülər. Avropadan və cəbhədən gələn təzyiqlər fonunda Zelenskinin ABŞ-la razılaşmaqdan başqa imkanı qalmadı”.
Politoloqun sözlərinə görə, ABŞ-ın taktikası hazırda işə düşür:
“Taktikanın əsas məqsədi Ukrayna və Rusiya arasında qısa müddətdə atəşkəsə nail olmaq, rəsmi Kiyevlə təbii sərvətlərlə bağlı saziş imzalayaraq dolayı yolla Ukraynanın təhlükəsizliyində iştirak etməkdir. Beləliklə, Avropadan diqqətini uzaqlaşıdırıb əsas hədəfi olan Çin və İrana fokslanacaq. Tramp administrasiyasının xarici siyasət strategiyası bundan ibarətdir. Bunun reallaşması üçün Ukrayna və Avropaya təzyiqlər göstərməkdədir.
Ciddədə baş verən görüşdə Ukrayna 30 günlük atəşkəsə razı oldu. Hazırda top Rusiyadadır. Atəşkəslə bağlı yanaşması necə olacağı məlum deyil. Rusiyaya hazırda atəşkəs imzalamaq lazım olmaya bilər. Çünki Kursk istiqamətində irəliləməkdədir. Bu ərazini tamamilə geri götürənə qədər atəşkəs məsələsini uzada bilər. Bu da hərbi vəziyyətin davam etdirilməsi deməkdir”.
Safura Bənnayeva
Globalinfo.az














