Adalar uğrunda mübarizə qızışır – Dünyanı qarışdıracaq gərginlik

Adalar uğrunda mübarizə qızışır - Dünyanı qarışdıracaq gərginlik

“Amerika Birləşmiş Ştatları bütün tərəfdaşlarına silah satmır. Türkiyə NATO çərçivəsində Amerikanın strateji tərəfdaşı sayılsa da, Vaşinqton Ankaranın hərbi təyyarələr almaq istəyini illərdir uzadır. ABŞ hətta Rusiya ilə müharibə aparan Ukraynaya belə hərbi təyyarə satışını son ana qədər uzadıb. Müharibə başlayan kimi Ukraynanın Amerika istehsalı F-16 hərbi təyyarələri olsaydı, Rusiya Ukraynanın hava məkanında mütləq üstünlüyə malik olmazdı”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden Vyetnama hərbi texnika satmağı planlaşdırır:

“Halbuki Vyetnam soyuq müharibə illərində keçmiş SSRİ-nin tərəfdaşı idi. ABŞ 1960-1970-ci illər ərzində Vyetnamda müharibədə iştirak edib, bu ölkəyə tonlarla bomba atıb, nəticədə yüzminlərlə insan həlak olub. SSRİ həmin illərdə Vyetnam kommunistlərinə silah və hərbi texnika göndərirdi. Kommunist rejimin hakim olduğu Vyetnam SSRİ-nin varisi Rusiya ilə sıx münasibətlərə malikdir. Buna baxmayaraq, Vaşinqton keçmiş düşməni Vyetnamla hərbi sahədə əməkdaşlığa üstünlük verib.

Adalar uğrunda mübarizə qızışır - Dünyanı qarışdıracaq gərginlik

Elxan Şahinoğlu

Vaşinqtonun məqsədi Vyetnamı Çin və Rusiyadan uzaqlaşdırmaqdır. “Reuters” agentliyinin məlumatına görə, Vaşinqton Vyetnama F-16 qırıcı təyyarələri satacaq. Halbuki Amerika bu təyyarələri heç yaxın tərəfdaşlarına satmır. Vyetnamın bu təyyarələrə ehtiyacı var. Çünki Vyetnamın Çinlə müxtəlif sahələrdə münasibətlərinin olmasına baxmayaraq, Hanoy Pekinin regional siyasətindən narazıdır. Vyetnam Çinin dənizlərdə hərbi gücünü artırmasını özü üçün təhlükə kimi qiymətləndirir. Vyetnam əlindəki Rusiya silahını daha modern Amerika silahları ilə əvəz etmək istəyir. Vyetnam Amerikadan hərbi texnika və F-16 qırıcı təyyarələri alarsa, Rusiya və Çinin bu ölkəyə qarşı münasibəti dəyişəcək”.

Politoloq deyib ki, Tayvan adası ətrafında da vəziyyəti gərgindir:

“ABŞ Tayvana müasir silahlar göndərməkdə davam edir. Pekin Amerikanı Çinin daxili işlərinə qarışmaqda ittiham edir. Amerika Tayvanla hərbi təlimlərinin sayını artırıb. Tayvan isə əksinə Çinin bölgədə artan hərbi təlimlərindən narahatdır. Tayvan rəsmiləri “Reuters” agentliyinə verdikləri müsahibələrdə Çinin hərbi təlimlərinin bölgədə müharibə riskini artırdıqlarını deyiblər. Çinin dənizlərdə hərbi təlimləri Yaponiyanı da narahat edir. Çin hərbi təlimlərinin bir qismini Yaponiyanın adaları yaxınlarında həyata keçirir. Yaponiyanın “Kyodo” agentliyinin məlumatına görə, Çinin hərbi gəmiləri tez-tez Yaponiyanın dəniz ərazilərinə daxil olurlar. Çin Yaponiyaya aid bir qisim adanı mübahisəli sayır və ona görə həmin istiqamətdə hərbi gəmilərinin sayını artırıb”.

Turan Rzayev
Globalinfo.az