Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri ilə bağlı qərar

“Dövlət tərəfindən yaradılan açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Nümunəvi Nizamnamə hər bir müəssisə üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur. Müəssisə ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu Nümunəvi Nizamnamədə qeyd olunan yetkinlik yaşına çatmayanların ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə təhsilini, həmçinin onların davranışının korreksiyasını və cəmiyyətə uyğunlaşmasını, o cümlədən onların tibbi-pedaqoji reabilitasiyası, habelə psixoloji reabilitasiyasını və psixoloji korreksiyasını həyata keçirən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən müəssisəni Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, Elm və Təhsil Nazirliyi və ya dövlət adından yaradılan publik hüquqi şəxs yaradır.

Müəssisənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

– ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarının həyata keçirilməsi;

– yetkinlik yaşına çatmayanların davranışının korreksiyasının və cəmiyyətə uyğunlaşmasının təmin edilməsi;

– yetkinlik yaşına çatmayanların tibbi-pedaqoji reabilitasi- yası, habelə psixoloji reabilitasiyası və psixoloji korreksiyasının təşkil edilməsi və onlarla fərdi profilaktik işin aparılmasında iştirak edilməsi;

– müəssisəyə göndərilən və qəbul olunan yetkinlik yaşına çatmayanların müvafiq dövlət təhsil standartlarına uyğun olaraq təhsilinin təşkil edilməsi.

Müəssisə şagirdlərin sayı 25-dən az olmamaqla oğlan və qızlar üçün ayrılıqda yaradılır. Müəssisədə sinif (qrup) şagirdlərin sayı 10 (on) nəfərdən artıq olmamaq şərtilə təşkil edilir. Müəssisə şagirdlər üçün yaşayış və tədris binalarına, pedaqoji, inzibati və xidmət heyəti üçün otaqlara, tibb və psixoloq kabinetlərinə, yardımçı təsərrüfata, iaşə avadanlığına, kluba, idman şəhərciyinə, təcrübə sahəsinə, istehsalat emalatxanalarına, 1-3 nəfər üçün nəzərdə tutulmuş yataq otaqlarına, müəyyən edilmiş normalara müvafiq olaraq ayrı-ayrı kabinetləri olan sanitariya qovşaqlarına və müəssisənin fəaliyyəti üçün zəruri olan digər otaqlara malik olmalıdır. Müəssisənin şagirdlərinin təhsil prosesi, davranışının korreksiyası, tibbi-pedaqoji reabilitasiyası, psixoloji reabilitasiyası və psixoloji korreksiyası ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilmir.

Şagirdlərin müəssisədə saxlanılması, təhsili və tərbiyəsi qaydası onların yaşı, cinsi, habelə psixoloji vəziyyəti və səhhəti nəzərə alınmaqla müəyyən edilir. Bu zaman fərdi sosial-psixoloji diaqnostika əsasında psixokorreksiya işi üçün şəraitin yaradılması, sağlamlaşdırıcı tərbiyə tədbirləri sisteminin, ictimai faydalı işlə məşğulluğun, şagirdlərin asudə vaxtı da daxil olmaqla günün səmərəli bölgüsünün təşkili və şagirdlərin neqativ hallardan maksimum müdafiəsi müəssisə tərəfindən təmin edilir. Müəssisədən buraxılan şagirdlər əvvəllər təhsil aldıqları təhsil müəssisəsində təhsillərini davam etdirmək hüququna malikdirlər.

Şagirdlər müəssisədən buraxılandan sonra valideynlərinin və ya digər qanuni nümayəndələrinin yanına, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar isə onlar üçün nəzərdə tutulmuş müvafiq müəssisələrə göndərilirlər. Müəssisədən buraxılandan sonra şagirdin valideynlərinin və ya digər qanuni nümayəndələrinin yanına göndərilməsi mümkün olmadığı halda və ya onun əvvəlki yaşayış yeri üzrə yaşaması və tərbiyə alması üçün müvafiq şərait yoxdursa Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və şagirdin yaşayış yeri üzrə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya (Komissiya) onun yerləşdirilməsi üçün tədbirlər görürlər.

Qapalı tipli müəssisələrə 11 yaşından 18 yaşınadək aşağıdakı yetkinlik yaşına çatmayanlar məhkəmənin qərarına əsasən göndərilirlər:

– ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun III fəslində nəzərdə tutulmuş qaydada;

– cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmış az ağır cinayət törədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 89.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən cəzadan azad edilən yetkinlik yaşına çatmayanlar Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada.

Şagirdlər qapalı tipli müəssisədə, bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş yaş həddi nəzərə alınmaqla 3 (üç) ilədək saxlanılırlar. Qapalı tipli müəssisənin rəhbərliyi şagirdin qəbulundan sonra 2 (iki) gün müddətində onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə, şagirdin yaşadığı yer üzrə daxili işlər orqanına, habelə onun əvvəlki təhsil müəssisəsinə, Nazirliyin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq yerli bölməsinə bu barədə yazılı məlumat verir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 11 noyabr tarixli 207 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində saxlanılmasına yol verməyən xəstəliklərin siyahısı”nda göstərilən xəstəliyə tutulmuş yetkinlik yaşına çatmayanlar qapalı tipli müəssisələrdə saxlanıla bilməzlər.

Komissiyanın qərarı ilə açıq tipli müəssisələrə 8 yaşından 18 yaşınadək aşağıdakı şəxslər qəbul edilirlər:

– 14 yaşına çatmış yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə xüsusi pedaqoji yanaşma tələb olunan yetkinlik yaşına çatmayanlar;

– böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar;

– valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə çətin tərbiyə olunan hesab edilmiş yetkinlik yaşına çatmayanlar;

– müxtəlif hüquqpozmalara görə daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış, lakin islah olunması mümkün olmayan yetkinlik yaşına çatmayanlar.

Açıq tipli müəssisə şagirdin reabilitasiyası üçün şərait yaratmadıqda, habelə onun xidməti səmərə vermədikdə valideynlər və digər qanuni nümayəndələr bu müəssisənin xidmətlərindən imtina etmək hüququna malikdirlər.

Müəssisənin ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. Pedaqoji Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi müvafiq əsasnamə və müəssisənin nizamnaməsi ilə müəyyən olunur.

Müəssisənin cari fəaliyyətinə direktor rəhbərlik edir.

Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, müəssisənin direktorunu tabe olduğu dövlət orqanı (qurumu) vəzifəyə təyin edir və ya vəzifədən azad edir.