Bakı Slavyan Universitetinin korrupsiya cinayətlərində təqsirli bilinərək azadlıqdan məhrum edilmiş sabiq şöbə müdiri Dürdanə Əliyevanın şikayəti üzrə məhkəmə baxışı yekunlaşıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan edilib.
Cavid Hüseynin sədrlik etdiyi məhkəmə heyəti birinci instansiya məhkəməsinin qərarında hər hansı qanun pozuntusu olmadığı qənaətinə gəlib.
Qərara əsasən həm D.Əliyeva həm Bakı Slavyan Universitetinin şikayəti rədd edilib.
Qeyd edək ki, D.Əliyeva Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyeva 6 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.