“ABŞ və Rusiya Azərbaycana qarşı “sülh sazişi kartı”ndan istifadə edirlər” – ŞƏRH

“ABŞ və Rusiya Azərbaycana qarşı “sülh sazişi kartı”ndan istifadə edirlər” - ŞƏRH

ABŞ dövlət katibinin müavini Ceyms Obrayen İrəvanla Bakının qarşılıqlı sülh müqaviləsi imzalamaq imkanının olduğunu deyib. Obrayenin fikrincə, Rusiya hazırda çətinliklə üzləşib və bir ildən sonra bu problem olmayacaq. Ona görə də “fürsət pəncərəsi” var.

Bəs görəsən, Ermənistana pərdəarxası dəstək olan, üzdə neytral görünməyə çalışan ABŞ dövlət katibinin müavini Ceyms Obrayenin bu fikri nəyə hesablanıb?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ və Rusiya uzun müddətdir Cənubi Qafqazda mövqe savaşı aparır, təsir “rıçaq”larını gücləndirməyə çalışırlar:

“İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı oyunun qaydalarını dəyişib, yeni reallıqlar yaratdı. Vaşinqton və Moskva hazırda bu reallıqları anlayır. Hər iki dövlət regionda öz təsir güclərini artırmaq üçün artıq “sülh sazişi kartı”ndan istifadə edirlər”.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya və ABŞ-ın mövqe savaşı yalnız Cənubi Qafqazla məhdudlaşmır:

“Sülh prosesində bu tərəflər səmimi deyil və yalnız öz maraqlarını güdürlər. Azərbaycan vəziyyətdən xəbərdardır. Rəsmi Bakı da sülh prosesinə maraqları çərçivəsindən yanaşmalıdır. Səsləndirilən təklifləri eşitməli, özünə uyğun formada istifadə etməlidir. Üçüncü tərəflərin prosesə müdaxiləsi minimum effektdə olmalıdır.

ABŞ və Rusiya bir-birini ittiham edərək üstünlüyü ələ almağa çalışır. Bakı üçün bu gün ən yaxşı tərəfdaş Rusiyadır, nəinki Vaşinqton”.

Safura Bənnayeva
Globalinfo.az